Bakı. TurkicWorld :
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstan Respublikası “Tanbalı” muzey-qoruğunun ziyarət mərkəzində “Türk xalqlarının mənəvi dəyərləri və mədəni irsi” mövzusunda beynəlxalq elmi-metodiki konfrans keçirilib.
TurkicWorld-ə verilən məlumata görə , fondun himayəsi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin, Almatı vilayətinin Akimliyinin, “Tanbalı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Muzey-Qoruğunun dəstəyi ilə təşkil olunan tədbir “Tanbalı” abidələrinin YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsinin 20 illiyinə həsr olunub (2004).
Tədbir çərçivəsində Türk Dünyası ölkələrində və onun hüdudlarından kənarda türk mədəni irsinin qorunması və tanıdılması məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu nəzdində Bərpaçılar və Tarixçi-Memarların Məşvərət Şurasının ilk iclası keçirilib.
Tədbirdə Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, Mədəniyyət Komitəsinin sədri Kumis Seyitova, Dövlət Tarix İnstitutunun və “Tanbalı” Mədəniyyət və Təbiət Muzey-Qoruğunun komandası, eləcə də 6 ölkədən 20-dən artıq tarixçi-alim iştirak edib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və digər türk xalqlarının türkologiya üzrə aparıcı mütəxəssislərinin (arxeoloqlar və tarixçilərin) iştirakı ilə keçirilən konfransda tədqiqat və mühafizə sahəsində regional əməkdaşlığın perspektivləri, eləcə də türk arxeoloji irsinin bərpasına dair müzakirələr aparılıb.
Konfransda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova konfransı Türk Dünyasının arxeoloqlarını, tarixçi alimlərini, mütəxəssislərini birləşdirən, qarşılıqlı təcrübə mübadiləsinə töhfə verən vahid platforma kimi dəyərləndirib. O, konfransın gündəliyində türk xalqlarının mədəni irsinin qorunması, eləcə də dünya miqyasında təbliği strategiyalarının işlənib hazırlanması kimi məsələlərin yer aldığını vurğulayıb.
Aktotı Raimkulova tədbir çərçivəsində Fondun nəzdində Bərpaçılar və Tarixçi-Memarların Məşvərət Şurasının ilk iclasının keçirilməsinə diqqət çəkərək, bildirib: “Şuranın fəaliyyəti - türk xalqlarının mədəni irs obyektlərinin öyrənilməsi və qorunması, o cümlədən memarlıq abidələrinin mühafizəsi sahəsinin tərkib hissəsi kimi bərpa işlərinin inkişaf etdirilməsi, maddi mədəni irsin öyrənilməsi və bərpası sahəsində mütəxəssislərin, alim-memarların tədqiqat və nəşriyyat fəaliyyətinin təşviqi Türk Dünyasının mədəni irsinin təbliğinə töhfə verəcək”.
Fondun prezidenti Aktotı Raimkulova konfransın türk mədəni irsinin mühafizəsi və təbliğində, eləcə də Türk Dünyasının elmi-praktik potensialının inkişafında parlaq bir mərhələ olacağına əminliyini ifadə edib.
Tədbir çərçivəsində həmçinin, “Tanbalı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Muzey-Qoruğunun ziyarət mərkəzində qayaüstü rəsmlər üzrə elmi-bərpa laboratoriyasının açılışı gerçəkləşib.