Bakı, TurkicWorld
Tarixi olmayan xalq yoxdur. Lakin xalqların bir-birindən fərqi onların tarixlərinin qədim, mədəniyyətlərinin zəngin olması ilə müəyyənləşir. Türklərin bəşər sivilizasiyasının inkişafında, dünya ictimai-siyasi modelinin və ədəbi-bədii fıkrinin formalaşmasında oynadığı rolu nəzərə alsaq, bu xalqın fərqli tarix və fərqli mədəniyyətə sahib olduqları təsdiqini tapar. Şübhə yoxdur ki, dastanlar hər bir xalq üçün tarix və mədəniyyət göstəricisidir. Dastandakı hadisələr tam anlamda əsl tarix olmasalar da, dünyanın yaranması, tarixin başlanması, insanlığın, cəmiyyətin formalaşması və ayrı-ayrı xalqların özünəməxsus həyata baxışları haqqında təsəvvür yaratmaq baxımından əhəmiyyət daşıyır. Belə demək mümkünsə, dastanlar millətin tarixi, yaşayış yerləri, adət-ənənəsi, psixologiyası, inancları, həyata baxışları və s. barədə məlumat verən ilkin qaynaqlardan biridir. Çünki dastanlar kök və ruh etibarilə həm tarixə bağlanır, həm də tarixi əks etdirir. Lakin hər bir millətin özünəməxsus tarixi olsa da, yer üzündə yaşayan elə millətlər var ki, onlara məxsus dastan nümunələri yox dərəcəsindədir. Dastan yaranmasının iki vacib şərti vardır:
1. İlkin mərhələdə millət əfsanə və mif yaradıcılığına malik olmalı və bunlar zənginliyi ilə seçilməlidir. Bunun üçün onun ibtidai dövrlərdən mövcudluğu vacib şərt hesab olunur.
2. Millətin savaş, mübarizə, qəhrəmanlıq tarixi kifayət qədər zəngin olmalı və tarixdə əhəmiyyətli yer tutmalıdır.
Türk dastanları mifoloji-epik baxışların nəticəsi kimi zaman etibarilə yaranma və formalaşma baxımından iki dövrə bölünür:
I. İslamiyyətdən öncə türk dastanları
II. İslamiyyətdən sonra türk dastanları
Birinci mərhələyə aid olan qədim türk dastanları əsas etibarilə e.ə. I minilliyin ortalarından eramızın I minilliyinin ortalarına qədər olan dövrləri əhatə edir. Bu dastanlar Saka, Hun, Göytürk, Uyğur tarixlərinin dastanları hesab olunur.
Əski türk dastan nümunələri müxtəlif mənbələrdən əldə edilmişdir. Bunların bir qismi Avropa, Çin, İran, ərəb mənbələrində, digər bir qismi türkün özünün şifahi yaddaş və yazılı ədəbi nümunələrində mühafızə olunmuşdur.
“Dünyanın yaranması haqqında” dastan türk mifoloji-fəlsəfı təsvirlərinin əksi baxımından xarakterikdir. Heç şübhəsiz, bu təsəvvürlərin mərkəzində dünyanın yaranması və idarə olunması ilə bağlı türk inancları dayanır.
“Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görən, sudan başqa görünən yox idi. Ağ Ana göründü. O, Qara xana “yarat” deyib yenidən suya daldı. Bunu eşidən Qara xan bir Kişi yaratdı.” Bu parçada dünyanın və insanın yaranması haqqında türk mifoloji görüşləri diqqəti cəlb edir. Dastanın məzmunundan aydın olur ki, insan (Erlik-şeytan) Tanrıyla bərabər uçarkən ondan yuxarı qalxdığına görə cəzalandırılmış və Tanrı dünya yaratmaq məqsədilə ona suyun dibinə enib oradan torpaq gətirmək əmri vermişdir. Lakin Erlik burada da xislətini gizlətməmiş, öz dünyasını yaratmaq üçün gətirdiyi torpaqdan bir qədər boğazında saxlamışdır. Tanrı torpağa “böyü” əmrini verəndə dünya yaranmış, eyni zamanda Erlikin boğazındakı torpaq da böyüyərək ağzına sığmadığı üçün qeyri-bərabər şəkildə yerə tökülmüşdür. Nəticədə Tanrının yaratdığı dümdüz dünyanın harmoniyası pozulmuş, dağlar və təpələr yaranmışdır.
Bu dastanda Tanrı Qara xanın dünyaya sahib olması, onun dünya nizamını yaratması, yeni insan nəsillərinin əmələ gəlməsi, dünyaya səpələnməsi və s. cəhətlər əski türk mifoloji düşüncə və inanclarına uyğun təsvir olunmuşdur. Dastanda Tanrı Qara xan timsalında əski türklərin tək Tanrı təsəvvürləri dayanır. Proseslər isə Nur, Qaranlıqlar və Yer üzü adlanan üç aləmdə cərəyan edir. Nur aləmi göydə yerləşir. Burada yaxşı ruhlar məskunlaşıb. Bu aləmin hakimi Tanrı Qara xandır. Yer üzü orta təbəqədir. Burada Tanrının göndərdiyi mələklər yaşayırlar. Qaranlıqlar aləmi isə yerin altındadır. Həmin məkanda pis ruhlar, cinlər yaşayır. Bu məkana isə Erlik (şeytan) hakimdir.
Dastanda Tanrı Qara xanın göyün ən yüksək təbəqəsi olan On yeddinci qatda oturub dünyanı idarə etməsi ilə bağlı verilən fıkirlər dünyaya sahib tək Tanrı ilahi inanc funksiyasına uyğundur. “Boz qurd”, “Oğuz kağan”, “Şu”, “Ərgənəkon”, “Köç” və s. dastanlarının mətnləri bütöv halda əlimizdə olmasa da bu dastanlar türk epos zənginliyinin, estetik düşüncə mükəmməlliyinin təsdiqi baxımından əhəmiyyətlidir. Həmin dastanlar eyni zamanda türkün etnogenezisi, siyasi idarəçilik və dini baxışları, dünyada milli özünütəsdiq arzu və iddiaları və s. haqqında təsəvvür yaratmaqda böyük rol oynayır.
Mənbə: Filologiya elmləri doktoru, professor Elman Quliyev - Türk xalqları ədəbiyyatı, 696 səh.