Azərbaycan və Türkiyə arasındakı media sahəsində əməkdaşlıq daha da inkişaf edəcək - Fırat Karadeniz

Azərbaycan və Türkiyə arasındakı media sahəsində əməkdaşlıq daha da inkişaf edəcək - Fırat Karadeniz

Bakı. TurkicWorld:

Azərbaycan və Türkiyə arasındakı media sahəsində əməkdaşlığın davam etməsini arzu edirik. Ümid edirik ki, gələcək dövrlərdə bu əlaqələr daha da inkişaf edəcək.

Bu barədə bu gün TurkicWorld-ə özəl açıqlamasında “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadeniz deyib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Türkiyə mediasında müəyyən çatışmazlıqlar var və bunlar üzərində iş aparılmalıdır.

"Xüsusilə sosial media və rəqəmsal yeniliklərə sürətlə uyğunlaşmalıyıq. Çünki ənənəvi media yavaş-yavaş geridə qalır. Təbii ki, bunun da müxtəlif səbəbləri var. Bizim üzərimizə düşən ənənəvi media təcrübələri ilə rəqəmsal yenilikləri birləşdirməkdir", - deyə o əlavə edib.

“E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasından bəhs edən F. Karadeniz, çap mediasının qorunub, gələcəyə ötürülməsinin vacibliyini qeyd edib.

"Çap mediasının istənilən şəraitdə qorunub gələcəyə ötürülməsinin tərəfdarıyam. Bu bir prestij, mədəniyyət məsələsidir. Lakin yeni oxucu kütləsinin, gənclərin istəklərini də görməzdən gələ bilmərik. Onlar bu xəbərləri onlayn oxumaq istəyirlərsə, biz bunu təqdim etməliyik", - deyə o vurğulayıb.