Uşaqların tərbiyəsində valideynlər birlikdə hərəkət etməlidir - Türkiyəli tanınmış psixoterapevt

Uşaqların tərbiyəsində valideynlər birlikdə hərəkət etməlidir - Türkiyəli tanınmış psixoterapevt

Bakı. TurkicWorld:

Uşaqların tərbiyəsində valideynlər birlikdə hərəkət etməlidir çünki, valideynlər fərqli və laqeyd davrandıqda uşaqlar nə edəcəklərini bilmirlər. Bunu TurkicWorld-a açıqlamasında Türkiyəli tanınmış psixoterapevt Ayşegül Keskin bildirib.

A.Keskin hesab edir ki, valideynlərin uşaq tərbiyəsində fərqli davranışı bəzən uşaqlar tərəfindən sui-istifadə edilir.

“Bir çox uşaqlar ata və ya babanın yanına gedərək, ananın yox dediyi bir şeyə icazə alırlar. Ailə daxilində uşaqlar qaydaları aydın şəkildə bilməlidirlər. Valideynlər evdəki qaydalar barədə qəti və aydın olmalıdırlar və uşaq tərbiyəsində hər ikisi eyni şeyi etməlidir” – deyə o bildirib.

Psixoterapevt onu da bildirib ki, ailədə valideynlərin vəziyyətinə görə hər gün başqa qaydaları olmamalı və tətbiq olunan qaydalar tez-tez dəyişməməlidir.

Uşaqlar üçün qaydalar qoymağın əslində uşağa azadlıq sahəsi vermək olduğunu vurğulayan A.Keskin bildirib ki, valideynlər hər hansı bir mövzuda birlikdə qərar vermiblərsə, hər dəfə eyni qərarı uşaqlara sakit şəkildə izah edərək həyata keçirməlidirlər, çünki uşaq harada və nə edəcəyini bilirsə, özünü daha rahat hiss edir.

“Ailədaxili problemlər yaşandığı evlərdə uşaqlar narahat, aqressiv və çaşbaş olurlar. Bəzən isə bu uşağın qorxaq böyüməsi ilə də nəticələnir. Çünki valideynlər uşaqların ilk müəllimləridir. Odur ki, işdə olduğu kimi evdə qayda-qanun yaradanda da ailə üzvləri iclas masasına oturub danışıb, uşaqların şikayətlərini dinləməlidir. Əgər evdə nizam-intizamı pozan hər hansı problem varsa, iclasda birlikdə müzakirə edilməli və birgə qərarlar qəbul edilməlidir”-deyə A.Keskin qeyd edib.

Psixoteropevt onu da qeyd edib ki, ailə iclası keçirilən zaman uşaqların yuxu vaxtları, qidalanması, dərs saatları, valideynlərlə münasibətləri, bacı-qardaş münasibətləri də aydın şəkildə müzakirə edilməlidir.

“Valideynlər uşaqların inadkarlığına və etirazına baxmayaraq, ailə iclasında qəbul edilən qərarları ciddi şəkildə yerinə yetirməlidirlər. Ona görə də ilk növbədə valideynlər özləri müəyyən etdikləri qaydaları tətbiq etməlidirlər. Çünki, əksər hallarda qaydaları uşaq yox, valideynlər pozur. Unutmamaq lazımdır ki , valideynlərin bir-birini anlaması, yaxşı münasibətin qurulması uşaqların sağlam böyüməsini təmin edir. Sağlam valideynlər və sağlam ailə münasibətləri həmişə uşaqlara müsbət təsir göstərir” – deyə A.Keskin bildirib.