Bakı, TurkicWorld
İnsan oğlu daxili və xarici aləmlərində stabillik əldə edə bilmək üçün müxtəlif yollarla çalışırlar. Hər kəsin öz dünyasında öz stabillik anlayışı var. Və o stabilliyə verdiyi və yüklədiyi bir məna da var. İnsanlar eyni zamanda zəmanət axtarır. Təhlükəsizlik, güvən axtarır. Qeyri-müəyyən və qarışıq həyat tərzi insanı narahat edir. Gəlin əvvəlcə beynin işləmə mexanizmi haqqında qısaca məlumat verək.
Beyin siqnalları qəbul edərkən, qısamüddətli yaddaş mövzunu funksional yaddaşa köçürür. Əgər zəruri məlumat deyilsə, növbəti mərhələyə keçmədən qısamüddətli yaddaşda təxminən 15 saniyə qalıb gedir. Hafizəni keçmiş təcrübələrin yaşandığı yer adlandırmaq olar. Daha əvvəl əldə edilmiş təcrübələr, yəni bir müddət funksional yaddaşda qalan və aktivləşən məlumat uzunmüddətli yaddaşa köçürülür və təcrübə hissəsini əmələ gətirir.
Beynin bu təcrübəni necə qiymətləndirməsi də fərdin özünəməxsusdur. Anlama, qavrama dediyimiz şey yaddaşa, yəni təcrübəyə məna verir. Bu səbəbdən yaddaş, yəni təcrübə insanın atdığı addımlara, fikirlərinə, seçimlərinə ciddi təsir edir. İlk 7 ildə kök salan bütün duyğular əslində insanı ölənə qədər izləyir və onların formalaşması ancaq şüurla mümkün olur. Müdafiə mexanizmləri şüuraltı ilə bağlıdır. İlk illərdə uşaqlar mənfi emosiyalarla mübarizə aparmaq üçün özlərinə görə bir yol və üsul taparlar. Və bunun işə yaradığını görəndə isə ondan möhkəm yapışarlar.
Alış-veriş mərkəzlərində yerdə uzanıb ağlayan, inciyən, döyülən, əsəbiləşən uşaqlar əslində bir şəkildə ortaya çıxan neqativ emosiyaları ilə mübarizə aparmaq, problemi aradan qaldırmaq istəyirlər. Ona görə də problemlə qarşılaşdıqda müdafiə mexanizmləri ilə cavab verirlər. Əgər insanın müdafiə mexanizmləri güclüdürsə və onun alternativ üsul və həll yolları ortaya çıxarma qabiliyyəti yetərli deyilsə, o zaman yaddaşdakı, yəni təcrübədəki dərk etmək, dəyərləndirmə və təhlil etməkdə problem olduğu mənasına gəlir. Hadisələri yaxşı təhlil edib qiymətləndirmək, təcrübə əmələ gələrkən hadisələrə baxış bucağı ilə, verilən, yüklənən məna ilə əlaqədardır.
Həyata problem mərkəzli və ya şikayətçi olmaqdansa, həll yönümlü və alternativlər yaradaraq yanaşanların yaddaşı güclü və genişdir. Çətin dövrlər onlar üçün daha asan keçir. Çünki qavrama hissəsi daha geniş perspektivdən baxır. Nəticə etibarı ilə problem yarandığı zaman insan emosional böyük reaksiya vermədən, yəni müdafiə mexanizmlərini minimum səviyyədə istifadə edərək həll yolu tapa bilirsə, beynin tam gücü ilə fəaliyyət göstərdiyini söyləyə bilərik. Beyin neqativ olsa belə qorunmaq üçün bir çox şeyə sığınır, tutunur. Çünki zəmanət axtarır. Bunu necə edəcəyini isə proses zamanı öyrənər. Yeni bir şey öyrənərkən təkrar etmək vacibdir. Təkrarlanarsa, rutinə çevrilər. Rutin insanlara güvən verən bir sistemdir.
Depressiya və əksər problemlər zamanı əsasən insanların rutin həyata riayət etməsi istənilir. Stabillik deyilən şey əslində rutindir. Beynin təkrar etməkdən öyrəndiyi şey budur. İnsanların öyrəndiklərinə diqqət yetirməsi, şüurlu şəkildə həyat nizamına töhfə verməsi zəruridir. Əks halda ilk 7 ildə kəşf etdiyi müdafiə mexanizmləri ilə həyatın içində daxili və xarici dünya ilə mübarizə aparıb gedəcək. Bu səbəbdən bir insanın öz müsbət və mənfi cəhətlərini yaxşı təhlil etməsi və həll yolu tapmaq üçün nəyə ehtiyacı olduğunu kəşf etməsi çox vacibdir.