Son dəqiqə

Ayşegül Keskin

Azərbaycan ikinci vətənim oldu – tanınmış psixo-terapevt Ayşegül Keskin

Bakı. TurkicWorld:

Azərbaycan və bütün türk dünyası bizim üçün hər zaman önəmli olub. Xüsusən də anamın Milliyyətçi Hərəkat Partiyasında fəal siyasi həyatı olduğu üçün Azərbaycanın müstəqillik mübarizəsi gündəmimizdə olub. 2000-ci ildə İstanbulda rəhmətlik Muhsin Yazıcıoğlu ilə birlikdə işləmişəm. Bizim qəlbimiz həmişə Azərbaycanda və onun müstəqillik mübarizəsində olub.

Bu sözləri Turkicworld-a özəl müsahibəsində tanınmış psixo-terapevt Ayşegül Keskin bildirib.

TurkicWorld Ayşegül Keskin ilə müsahibəni oxuculara təqdim edir:

Azərbaycan ikinci vətənim oldu

Azərbaycan və bütün türk dünyası bizim üçün hər zaman önəmli olub. Xüsusən də anamın Milliyyətçi Hərəkat Partiyasında (MHP) fəal siyasi həyatı olduğu üçün Azərbaycanın müstəqillik mübarizəsi gündəmimizdə olub. Anam eyni zamanda moda dizayneri idi. 2000-ci ildə İstanbulda rəhmətlik Muhsin Yazıcıoğlu ilə birlikdə işləmişəm. Yazıcıoğlunun Azərbaycanda da sevildiyini bilirəm.
Avropa üzrə təhsildən məsul idim. Bizim qəlbimiz həmişə Azərbaycanda və onun müstəqillik mübarizəsində olub. Bir növ milli-mənəvi dəyərlərimiz də daxil olmaqla, hər bir məsələdə qardaş ölkəmizlə əlaqədə olmuşuq və hər zaman da belə olmağa davam edəcəyik.

Azərbaycandan aldığım şəxsi dəvətlə buraya işləməyə və Bakı Dövlət Universitetində klinik psixologiya üzrə magistr təhsili almağa gəlmişəm. Hal-hazırda Bakıda Medera Hospitalda işləyirəm.

Bu qardaş ölkə çox fərqlidir, Azərbaycan sanki məni qucaqlayaraq, burada olmağımdan məmnunluğunu bildirdi. Taksi sürücüsündən marketə, tələbədən müəllimə, iş yerim, o cümlədən, dərs dediyim ictimai birliklər, təmasda olduğum bütün insanlar mənə çox yaxın olublar. “Sən bizim qonağımızsan, türk bacımızsan, bizə əmanətsən” deyiblər. Hətta əksər mağaza sahibləri və taksi sürücüləri məndən pul almaq istəmirdilər. Mən burada səmimiyyət və xoş rəftar gördüm, Azərbaycan xalqına çox minnətdaram. Bu ölkə mənim üçün vətən kimidir. Mən burada özümü vətənimdə kimi hiss edirəm və buranı çox sevirəm. Var olsun Azərbaycan!

Milli geyimlərinizə heyranam

Əvvəldə də qeyd etdiyim kimi, anam təkcə partiya işlərində çalışmırdı, eyni zamanda o, bir moda dizayneri olub.Təəssüflər olsun ki, 2002-ci ildə anam xərçəng xəstəliyindən vəfat etdi. Moda və dizayn, yağlı boya rəsmləri üzrə anamdan mənə irsi ötürülən bacarıqlarım və hobbilərim var. 2006-cı ildə Ankarada Əminə xanım Ərdoğanın dəstəyi və iştirakı ilə “Xərçəngli uşaqlara dəstək” adlı moda nümayişi təşkil etdim. Daha sonralar bunları dəyərləndirərək, dəfələrlə Keçiören bələdiyyəsində və bəzi özəl qurumlarda çoxlu xeyriyyə məqsədli moda nümayişlərim olub və gördüyünüz bu geyimlər mənim Azərbaycan adlı kolleksiyamdandır, mən sizin milli geyimlərinizə heyranam.

Psixoterapiya kiməsə məsləhət vermək deyil, bunun bir sistemi, gedişatı var və bu proses insandan insana dəyişir

Bakalavr təhsilindən sonra dünyada və Türkiyədə psixoterapiya sahəsində magistr səviyyəsi üzrə ikiillik təhsil var. Təəssüf ki, bütün dünyada terapiya bacarıqları və peşəkar təcrübə əldə etmək üçün təkcə bakalavr təhsili kifayət deyil. Bu, təkcə psixologiyada deyil, bir çox peşələrdə də belədir. Bizim peşəmizdə təhsil davamlı olmalıdır. Psixoterapiya isə klinik etikaya, qaydalara və qanunlara uyğun olaraq bir çox testlərdən keçərək dərin və mürəkkəb məsələlərdə, insana aid bir çox psixoloji problemlərdə terapiyanı effektiv şəkildə həyata keçirmək imkanı verir.

Terapiya kiməsə məsləhət vermək deyil, bunun bir sistemi, gedişatı var və bu proses insandan insana dəyişir. Düzdür, problemlər oxşar ola bilər, amma hər bir insan fərqlidir. Əvvəldə qeyd etdiyim psixoterapiya üzrə ikiillik magistr təhsili məhz bu təlimləri və təcrübələri qazandırmaq üçün vacibdir. Bu səbəbdən də psixoterapiya üzrə magistr təhsili tamamlanmalıdır. Çünki psixologiya ciddi və olduqca vacib bir sahədir, bu sahədə təkcə bakalavr təhsili kifayət etmir.

Mən, İstanbul Gebze Texniki Universitetini, İstanbul Gedik Universitetini, Hacettepe Universitetini və CISED / PSIKO-DER psixologiya dərnəyində ikiillik psixoterapiya təhsilini bitirmişəm. Həmçinin Ailə məsləhətçisi, cinsi terapiya və uşaq inkişafı üzrə təhsil almışam. Hal - hazırda Bakı Dövlət Universitetində klinik psixologiya fakültəsində magistr səviyyəsi üzrə təhsilimi davam etdirirəm. Ümumiyyətlə, qeyd etmək istərdim ki, psixoterapiya bir komanda işidir, yəni bu prosesdə həkimlərlə birgə hərəkət etmək lazımdır. Bu sahədə ginekoloq, uroloq, psixoterapevt və psixiatr da komanda da olmalıdır. Zəruri hallarda isə digər mütəxəssislərdən də kömək tələb oluna bilər.

Pandemiya dövründə iki kitabım nəşr olundu

Hər kəs üçün sıxıntılı olan pandemiya dövründə “Həyat” nəşriyyatında “Evliliyinə kömək et” adlı kitabım nəşr olunub. Bu kitabda, hamı üçün aktual olan nikahdan əvvəl, evlilik və boşanma, fərdi problemlər, cinsi kimlik və disfunksiyalar, yeniyetmələr və uşaqlıq dövrü haqqında bir çox mövzuda izahlar və bu dönəmlərdə yaranan problemlərin həllinə yönəlmiş təcrübələrə əsaslanan məsləhətlər var. Qeyd etdiyim mövzularda uzun illər aktiv iş həyatım olub. Ankaradakı ofisim hələ də fəaliyyət göstərir və mən vaxtaşırı ora gedib-gəlirəm. Azərbaycana isə Bakı Dövlət Universitetində həm işləmək, həm də klinik psixologiya üzrə magistr təhsili almaq üçün gəlmişəm. Eyni zamanda, Bakıda Medera Hospitalda işləyirəm.

Ayşegül Keskin kimdir?

Ayşegül Keskin 1970-ci ildə Türkiyənin Hatay əyalətində anadan olub. Kırıkhan Nenə Hatun Anadolu İmam Hatip Liseyini bitirib. Hal-hazırda ali təhsilini Azərbaycan Beynəlxalq Universitetində davam etdirir. AtasıTürkiyə Elektrik Qurumunun (TEK) baş direktoru olub. Anası həm iş qadını (moda dizayneri), həm də Milliyətçi Hərəkat Partiyasının (MHP) qadın qollarının rəhbəri olub. Uşaqlıq illəri 1980-ci il və ondan əvvəlki illərə - mübarizənin, mərdliyin və vətənpərvərliyin hər şeydən üstün olduğu dövrə təsadüf edib.

2000-ci ildə İstanbul Böyük Birlik Partiyasının (BBP) Avropa üzrə təhsil məmuru vəzifəsində çalışıb. Daha sonra isə Keçiören bələdiyyəsində “Ailə Təhsil Mərkəzi” yaradaraq, orada uzun illər koordinator kimi çalışmağa başlayıb.

Həmçinin İstanbul Sefire-i Alem Beynəlxalq Tələbələr Dərnəyi və Dəyanət İşləri rəhbərliyinə bağlı Quran kurslarında məsləhət və təlim xidmətləri göstərib. Dörd il radio və televiziya daxilində, Kanal A və DuruTV-də “Ailə müşaviri” və “İnsanlığın halı” verilişlərini təqdim edib.

Hal-hazırda siyasi həyatdan uzaq olsa da, 2018-ci ildə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Hatay üzrə millət vəkili namizədliyi irəli sürülüb.

Ankara - Çankayada şəxsi "Ailə və Qadın Məsləhət Mərkəzi" (AKED) var, 30 və 28 yaşlarında iki övladı var.

Mövzuya görə xəbərlər