Son dəqiqə

Türkiyə Qırğızıstan Ankara Bişkek Adılbek Kasıməliyev Cevdet Yılmaz ikitərəfli əməkdaşlıq iqtisadi və ticari əlaqələr

Türkiyə və Qırğızıstan birgə yol xəritəsi hazırlayır

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyə ilə Qırğızıstan arasında iqtisadi və strateji əməkdaşlığı gücləndirəcək 12-ci Dövr Türkiyə-Qırğızıstan Karma İqtisadi Komissiyası (KEK) Protokolu imzalanıb.

TurkicWorld xəbər verir ki, Bişkekdə keçirilən görüşlər çərçivəsində Türkiyə vitse-prezidenti Cevdet Yılmaz və Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev əvvəlcə ikitərəfli, daha sonra nümayəndə heyətləri səviyyəsində danışıqlar aparıblar.

Görüşlərdən sonra tərəflərin rəhbərliyi ilə KEK 12-ci Dövr Toplantısı baş tutub və imza mərasimi keçirilib.

Toplantının yekununda iki ölkə arasında 77 maddədən ibarət yeni fəaliyyət planı təsdiqlənib. Bu sənəd ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təhsil, turizm və mədəniyyət daxil olmaqla geniş sahələrdə əməkdaşlığı əhatə edir.

Bununla yanaşı, torpaq idarəçiliyi, kadastr, geodeziya və mədənçilik sahəsində Türkiyə və Qırğızıstan arasında anlaşma memorandumları imzalanıb.

İmza mərasimindən sonra çıxış edən Cevdet Yılmaz bildirib ki, iki ölkə liderləri – Rəcəb Tayyib Ərdoğan və Sadır Japarov tərəfindən müəyyən edilən hədəflərə uyğun olaraq qısa müddətdə 2 milyard, orta müddətdə isə 5 milyard dollarlıq ticarət həcmi üçün işlər sürətlə davam etdirilir.

Yılmaz əlavə edib ki, tərəflər enerji sahəsində birgə pilot layihələr, nadir torpaq elementləri və strateji minerallar üzrə əməkdaşlıq, Qırğızıstanda sənaye parklarının yaradılması və rəqəmsal transformasiya istiqamətində yeni təşəbbüslər həyata keçirəcək.

Tərəflər həmçinin 2025–2027-ci illəri əhatə edəcək birgə fəaliyyət yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər. Yılmaz bu əməkdaşlığın yalnız Türkiyə və Qırğızıstana deyil, bütövlükdə bölgənin iqtisadi sabitliyinə və inkişafına töhfə verəcəyini vurğulayıb.

Mövzuya görə xəbərlər