Son dəqiqə

Türkiyə Ombudsman Qırğızıstan Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi

Türkiyə və Qırğızıstan Ombudsmanları arasında görüş keçirilib

Bakı. TurkicWorld:

Qırğızıstan Respublikasının Akıkatçı (Ombudsman) Cəmilə Camanbayeva və Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç arasında görüş keçirilib.

TurkicWorld-un məlumatına görə, görüşdə Türkiyədə Qırğızıstan vətəndaşlarının və Qırğızıstanda Türkiyə vətəndaşlarının əmək miqrasiyası, iqtisadi və mülki hüquqları sahəsində birgə fəaliyyətlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Görüş zamanı hər iki ölkənin ombudsmanları Şeref Malkoçun bu il sentyabrın əvvəlində Bişkekə rəsmi səfəri ilə bağlı razılığa gəliblər.

"Şeref Malkoçun Qırğızıstana səfərinin səmərəli olacağını və Türkiyədə Qırğızıstandan olan əmək miqrantlarının, eləcə də Qırğızıstanda yaşayan Türkiyə vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı bir çox məsələlər üzrə birgə tədbirləri ətraflı müzakirə edə biləcəyimizi gözləyirik" – deyə Camanbayeva bildirib.

Şeref Malkoç Camanbayevanı İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlarının növbəti iclasında iştirak etməyə dəvət edib.

Türkiyənin Baş Ombudsmanı bildirib ki, bu platforma Ombudsman qüvvələrinin konsolidasiyasına töhfə verməklə yanaşı, həm də milli insan hüquqları təşkilatları arasında əməkdaşlığın inkişafına yeni təkan verəcək.

Qeyd edək ki, 2022-ci il mayın 12-də Bursa (Türkiyə) şəhərində Türk Dövlətlərinin Milli İnsan Hüquqları Təşkilatları və Ombudsmanları Birliyi yaradılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər