Azərbaycan regionda trans-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir - QSC

Azərbaycan regionda trans-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir - QSC

2020-ci ildə Bakı Limanı vasitəsilə 711 min tondan çox quru yük aşırılmışdısa, ötən il bu göstərici 66% artaraq, 1 milyon 183 min tondan çox olub.

Trend-in məlumatıa görə, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin 2021-ci il üzrə statistik nəticələrində deyilir.

Statistikaya görə, aşırılan konteynerlərin sayında isə 11,6% artım qeydə alınıb və TEU ekvivalentində 45 025 ədəd konteynerə çatıb.

Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində müşahidə edilib. 2021-ci ildə aşırılan neft və neft məhsullarının həcmi 2020-ci ilə nisbətən 2,3 dəfə artaraq 1,1 milyon tondan çox olub.

Qeyd edilir ki, 2021-ci ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmaların davam etməsi beynəlxalq nəqliyyat xətləri üzrə hərəkət istiqamətlərində müəyyən dəyişikliklərə səbəb olub. Belə ki, hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin daşınmasında 8,8% azalma olub. Bakı Limanı vasitəsi ilə 39 431 ədəd (TIR) daşınıb ki, bunlardan da 23 476 (59,5%) ədədi Bakı-Türkmənbaşı-Bakı, 15 955 (40,5%) ədədi isə Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib:

"Eyni zamanda, Bərə terminalında vaqon aşırılmasında 18,7% azalma müşahidə edilib. Ötən il Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 30 426 ədəd olub ki, bu vaqonlardan da 20 867 ədədi Bakı-Türkmənbaşı-Bakı (68,6%), 9 559 vaqon isə Bakı-Kurık/Aktau-Bakı (31,4%) istiqamətində hərəkət edib. Qeyd olunmalıdır ki, 2020-ci illə müqayisədə ötən il iritonnajlı (TIR) nəqliyyat vasitələrinin daşınmasında azalma müşahidə edilsə də, 2019-cu illə müqayisədə 17%-lik artım qeydə alınıb. Yuxarıda qeyd edilən sahələr üzrə faiz göstəricilərində müəyyən azalma qeydə alınsa da, ümumi yükaşırmanın həcmində müsbət tendensiya davam edib.

Ümumilikdə 2021-ci ildə Bakı Limanında qeydə alınan nəticələr müsbət qiymətləndirilir, ötən il üçün əvvəlcədən müəyyənləşdirilən proqnoz 104% həcmində icra edilib. Bakı Limanının yükaşırma həcminin artması bilavasitə Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi daxili məhsulunun artması kimi səciyyələndirilir və Azərbaycanın regionda trans-logistika mərkəzi kimi mövqeyni möhkəmləndirir", - məlumatda deyilir.