Bakı. TurkicWorld:
Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 29-dan 2024-cü ilin martın 30-u daxil olmaqla qış cədvəlinə keçir.
TurkicWorld xəbər verir ki, bu müddət ərzində Bakıdan 18-i aşağı büdcəli aviadaşıyıcı olmaqla 37 aviaşirkət tərəfindən 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetiriləcək.
Payız-qış mövsümündə hava limanı baza aviadaşıyıcısı olan AZAL-ın bir sıra yeni istiqamətlərini açmaqla və yeni aviaşirkətlər cəlb etməklə öz marşrut şəbəkəsini genişləndirəcək. Həmçinin müxtəlif beynəlxalq istiqamətlərə uçuşların tezliyinin artırılması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət variantları təqdim edəcək.
Bakı hava limanı bütün sərnişinlərinə yüksək səviyyədə xidmət göstərməyə çalışır, həmçinin aviadaşımaların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün qabaqcıl texnologiyalar və yenilikləri tətbiq etməyə davam edir.