Türklərin Lefkoşanı fəth etməsindən 453 il ötür

Türklərin Lefkoşanı fəth etməsindən 453 il ötür

Bakı. TurkicWorld:

Osmanlı dövlətinin Kipr adasına olan marağı Rodos, Krit və Misiri ələ keçirdikdən sonra başlayıb. Adaya rəhbərlik edən venesiyalıların Osmanlılara qarşı hazırladıqları planları və kiprlilərin Osmanlılardan yardım istəməsi, Osmanlıları buraya istiqamətləndirmişdir. 1489-cu ildə, venesiyalılar adanı ilhaq etdikdə, Osmanlı donanması Karpaz yarımadasına hücum edərək, çoxlu qənimət və əsir götürüb.

Yavuz Sultan Səlim 1517-ci ildə Misiri fəth etdikdən sonra, Kipr yenidən Osmanlı dövləti üçün gündəmə gəlmiş və venesiyalıların Kipr üçün məmlüklərə ödədikləri 8 min dukat vergisinin Osmanlıya ödənilməsi qərara alınıb. Sultan Süleyman Qanuninin dövründə, İstanbulda venesiyalılara yeni hüquqların verilməsi müqabilində Kiprdən alınan ümumi vergi 10 min dukata qaldırılıb, lakin Kipri itirməkdən qorxan venesiyalılar Osmanlılara qarşı çıxıb.

1521-ci ildə Rodosun Osmanlılar tərəfindən ələ keçirilməsindən sonra, venesiyalılar Kipri itirmək qorxusu ilə Famaqusta və Lefkoşa qalalarında istehkamlar qurub.

II Səlimin dövründə Misirdən ona göndərilən hədiyyələri daşıyan gəminin dəniz quldurları tərəfindən qarət edilməsi ilə birlikdə Osmanlı Kiprə yenidən ekspedisiya təşkil etmək məcburiyyətində qalıb. Ekspedisiya əsnasında qan tökülməməsi üçün Venesiyaya elçi göndərilib, lakin elçi həbs olunub. Buna qarşılıq olaraq Osmanlılar da öz torpaqlarında olan Venesiya elçilərini və tacirlərini həbs etdirib.

Osmanlılar 1570-ci ildə venesiyalılara Kipri geri qaytarmağı təklif edib.

Lakin venesiyalılar bu təklifi rədd etdikdə, Osmanlılar adaya basqınlara başlayıb. Lələ Qara Mustafa Paşanın komandanlığı altında, atlı və piyada olmaqla ümumilikdə 60 min nəfərdən ibarət olan Osmanlı ordusu, 1570-ci il iyulun 2-də Limasola çatıb. 3 iyulda Tuzlanın ələ keçirilməsindən sonra Osmanlı ordusu Lefkoşanı mühasirəyə almaq üçün hərəkətə keçib və 9 sentyabr 1570-ci ildə Lefkoşanı ələ keçirib.

Kiprin fəthi ilə Şərqi Aralıq tamamilə Osmanlı dövlətinin nəzarətinə keçib. 15 Sentyabr 1570-ci ildə Lələ Mustafa Paşa təntənəli şəkildə Lefkoşa şəhərinə daxil olub. Kiprin fəth edilməsi zamanı adada çox az sayda rumlu olub. 1571-ci ildə adada siyahıya alınma keçirilmiş və 150 min əhali qeydə alınıb. Adadakı türk əsgərinin sayı isə 30 min nəfər olub.

Aytac Süleymanova

Twitter: a_alieva_