Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bakı. TurkicWorld :

Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

TurkicWorld-un məlumatına görə, paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.

Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anır, abidənin önünə əklillər qoyur, qərənfillər düzürlər. Təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunub. Respublikamızın bütün şəhər və bölgələrində, xarici ölkələrdə anım mərasimləri keçirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.