Son dəqiqə

31-ci Xəzər İnşaat Həftəsinə start verilib

Bakı. TurkicWorld:

14 oktyabr tarixində Bakı Ekspo Mərkəzində regionun inşaat sektorunda aparıcı sənaye platformalarından olan 31-ci Xəzər İnşaat Həftəsinin ("Caspian Construction Week") rəsmi açılış mərasimi keçirilib.

TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən "Rebuild Garabagh" və "BakuBuild" sərgilərinin iştirakçılarına ünvanladığı müraciət səsləndirilib.

Daha sonra açılış mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Luka Di Canfrançesko, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədr müavini Dövlətxan Dövlətxanov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə və "ICA Events" şirkətinin Baş direktoru Edvard Strachan çıxış ediblər.

Çıxışlar bitdikdən sonra açılış mərasiminin iştirakçıları və qonaqlar sərgilər üzrə turda iştirak ediblər.   

Xəzər İnşaat Həftəsi 14-16 oktyabr tarixlərində təşkil olunur. 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi fonunda "Caspian Construction Week" dayanıqlı şəhər inkişafı, müasir memarlıq yanaşmaları, innovativ tikinti texnologiyaları və infrastrukturun modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 30 illik tarixə malik Xəzər İnşaat Həftəsi bu gün artıq milli brend kimi tanınır.

Həftə çərçivəsində "BakuBuild" - 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, "Rebuild Garabagh" - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi, "Aquatherm Baku" - 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi və "Plastex Caspian" - 5-ci Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi bir məkanda – Bakı Ekspo Mərkəzində təşkil olunur. "Caspian Construction Week" ilə eyni tarixlərdə "Road & Traffic" - 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi də keçirilir.

"Rebuild Garabagh" sərgisi işgüzar, sosial və mədəni istiqamətləri özündə birləşdirərək Qarabağın gələcək inkişafı üçün təcrübə mübadiləsinin aparıldığı və yeni ideyaların formalaşdığı mühüm platforma rolunu oynayır.

Sərginin ayrılmaz hissəsi onun sosial missiyasıdır: Hər il ənənəvi olaraq işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür. 2021-ci ildən etibarən hazırkı dövrə qədər ümumilikdə 187 611.47 AZN dəyərində ianə bağışlanmışdır. Bu ənənə sərginin mühüm elementidir və gələcəkdə də davam etdiriləcəkdir.

Qarabağda bərpa və yenidənqurma işlərinin davam etdirilməsi ilə yanaşı, regionda daimi məskunlaşma, iqtisadi fəallıq, investisiyaların cəlb olunması və uzunmüddətli dayanıqlı inkişaf məsələləri getdikcə daha böyük əhəmiyyət qazanır. Bu yeni mərhələ "Rebuild Garabagh" sərgisinin konsepsiyasında da öz əksini tapıb.

Belə ki, "Rebuild Garabagh" sərgisi sosial missiyasını və Qarabağın inkişafına töhfə verməyi davam etdirməklə yanaşı, özü də yeni mərhələyə qədəm qoyur. 2027-ci ildən etibarən sərgi bərpadan inkişafa keçidi ifadə edən yeni konsepsiya əsasında təşkil olunacaq.

Bu transformasiya Qarabağ bölgəsində genişmiqyaslı bərpa və yenidənqurma prosesindən uzunmüddətli inkişaf mərhələsinə keçidi və əməkdaşlıq üçün yeni imkanların formalaşmasını əks etdirir. Konsepsiya dəyişikliyi bərpa və yenidənqurma prosesinin başa çatması deyil, sərginin əhatə dairəsinin genişlənərək Qarabağın uzunmüddətli iqtisadi, sosial və infrastruktur inkişafını da əhatə etməsi deməkdir.

Konsepsiyaya uyğun olaraq, tədbir 2027-ci ildə "7-ci Azərbaycan Beynəlxalq Qarabağın İnkişafı Sərgisi" adı altında keçiriləcək. Buna uyğun olaraq sərginin yeni loqotipi də hazırlanıb. Loqotipdə yer alan "From Rebuilding to Development" — "Yenidənqurmadan inkişafa" konsepsiyası Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa işlərindən dayanıqlı inkişaf, investisiya və yeni biznes imkanlarının formalaşdırılması mərhələsinə keçidi ifadə edir.

Yeni konsepsiya çərçivəsində sərgi Qarabağın iqtisadi və investisiya potensialının beynəlxalq auditoriyaya təqdim edilməsi, regiona müasir texnologiyaların və biznes təşəbbüslərinin cəlb olunması, yerli istehsalın təşviqi, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi üçün beynəlxalq platforma rolunu daha da gücləndirəcək.

Həftə çərçivəsində "BakuBuild" sərgisində tikinti və istehsalat avadanlıqları, tikinti materialları, döşəmə, interyer və memarlıq həlləri, işıqlandırma və izolyasiya sistemləri, keramika və üzlük daşı, metal məmulatları, pəncərə və qapılar, landşaft həlləri və digər istiqamətlər üzrə məhsul və texnologiyaları nümayiş etdirilir. "Rebuild Garabagh" işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesinə beynəlxalq şirkətlərin, texnologiyaların və investisiyaların cəlb edilməsinə xidmət edir. "Aquatherm Baku" istilik, havalandırma, kondisionerləşdirmə, su təchizatı və santexnika sahələrini, "Plastex Caspian" isə plastik və polimer sənayesində xammal, istehsal texnologiyaları və hazır həlləri əhatə edir.

Xəzər İnşaat Həftəsində 270-dən çox şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Belarus, Çin, İran, İtaliya, Özbəkistan, Ruminiya, Rusiya, Türkiyə və Ukraynadan olan şirkətlər yer alır. Almaniya, İtaliya və Özbəkistan sərgidə milli pavilyonlarla təmsil olunur.

İtaliyanın "Caspian Construction Week"də iştirakını xüsusi qeyd etmək lazımdır. 2026-cı ildə İtaliya Xəzər İnşaat Həftəsində iştirakını genişləndirərək, Italian Trade Agency-nin (ITA) təmsilçiliyi ilə tədbirin tərəfdaşı statusunda çıxış edir. ITA, həmçinin sərginin təqdimat zonasının sponsorudur. Eyni zamanda İtaliya bu il sərgidə iki pavilyonla təmsil olunur. Onlardan biri Siciliyanın potensialını və məhsullarını nümayiş etdirən ayrıca ekspozisiyadır. Siciliya Muxtar Regional Hökuməti tərəfindən təşkil edilən rəsmi kollektiv pavilyonda Siciliyanı təmsil edən 18 şirkət adanın istehsal ənənələrini, sahə üzrə təcrübəsini və texnoloji yeniliklərini təqdim edir. Siciliya regional ekspozisiyasında təbii daş emalı, qabaqcıl material mühəndisliyi, dekorativ tamamlama həlləri, interyer dizaynı, enerji səmərəliliyi və müasir tikinti texnologiyaları üzrə məhsul və həllər nümayiş etdirilir.

Bundan əlavə, bu il "Rebuild Garabagh" sərgisi çərçivəsində açıq hava ekspozisiyası təşkil olunub. Burada Rusiya istehsalı olan müasir kənd təsərrüfatı texnikası və avadanlıqları, eləcə də istehsalçıların innovativ texnoloji həlləri nümayiş etdirilir. Bu ekspozisiyanın təşkil olunmasında əsas məqsəd kənd təsərrüfatı maşınqayırması sahəsində Rusiya–Azərbaycan əməkdaşlığının inkişafına, Rusiya istehsalı olan texnikanın Azərbaycan bazarında tanıdılmasına və istehsalçı şirkətlərin ixrac imkanlarının genişləndirilməsinə töhfə verməkdir. Sərgi çərçivəsində Rusiya istehsalçıları ilə Azərbaycanın aqrar-sənaye və biznes ictimaiyyətinin nümayəndələri arasında işgüzar görüşlər və danışıqlar keçiriləcək, yeni tərəfdaşlıq və təchizat imkanları müzakirə olunacaq.

Xəzər İnşaat Həftəsində dövlət qurumları və ölkənin aparıcı institusional strukturları da öz stendləri ilə geniş təmsil olunur. İştirakçılar sırasında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, "AzerGold" QSC, Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – KOBİTA , eləcə də Ələt Azad İqtisadi Zonası (AFEZ) yer alır.

Ələt Azad İqtisadi Zonası bir neçə ildir ki, ardıcıl olaraq "Rebuild Garabagh" sərgisində öz stendi ilə iştirak edir, fəaliyyəti və investisiya imkanları barədə sərginin peşəkar auditoriyasına məlumat təqdim edir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında, Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən AFEZ yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsal layihələrinin cəlb edilməsinə istiqamətlənib. Qurum investorlara hazır sənaye torpaq sahələri, mühəndis-kommunikasiya və logistika infrastrukturu, eləcə də fiskal və qeyri-fiskal təşviqlər təqdim edir.