Son dəqiqə

Ombudsman Ədliyyə Nazirliyi Penitensiar Xidmət əfv İnsan Hüquqları üzrə Müvəkkil

Əfv Sərəncamının icrası prosesində Ombudsmanın nümayəndələri iştirak edib

Bakı. TurkicWorld

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Əfv Sərəncamının icrası həyata keçirilib.

TurkicWorld xəbər verir ki, sərəncamın icrası prosesində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndələri də iştirak ediblər.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub. Eyni zamanda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş daha bir nəfərin cəzasının çəkilməmiş hissəsinə xitam verilib.

Əfv olunan şəxslər arasında Ombudsmanın vəsatəti əsasında əfv edilməsi təklif olunan şəxslər də yer alıb.

Ombudsmanın nümayəndələri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müvafiq cəzaçəkmə müəssisələrində keçirilən tədbirlərdə iştirak ediblər. Onlar, həmçinin əfv olunan şəxslərə azadlığa buraxılmaları barədə sənədlərin təqdim edilməsi prosesinə qatılıblar.

Tədbirlər zamanı azadlığa buraxılan şəxslərə hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətə yenidən uyğunlaşmaları və sosial həyata inteqrasiyaları ilə bağlı müvafiq tövsiyələr verilib.

Qeyd olunub ki, Ombudsman tərəfindən məhkumların əfv edilməsi ilə bağlı daxil olan müraciətlərin araşdırılması istiqamətində mütəmadi iş aparılır. Zəruri hallarda ayrı-ayrı şəxslərin əfv olunması ilə bağlı Əfv Məsələləri Komissiyasına vəsatətlər təqdim edilir.

Mövzuya görə xəbərlər