Memorandum “Turkic.World” platforması və İlahiyyat İnstitutu arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq - Aqil Şirinov

Memorandum “Turkic.World” platforması və İlahiyyat İnstitutu arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq - Aqil Şirinov

Bakı, Dekabr 26. /TurkicWorld/

Biz İlahiyyat İnstitutu olaraq həm Trend İnformasiya Agentliyi, həm də "TurkicWord" platforması ilə səmərəli əməkdaşlıq edirik. Hesab edirəm ki, bu gün imzaladığımız memorandum bizim bu əməkdaşlığı yeni müstəviyə çıxaracaq.

TurkicWorld-un məlumatına görə, bunu İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov İlahiyyat İnstitutu ilə "Turkic.World" arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimində deyib.

"Bu Memorandum İlahiyyat İnstitutunun cəmiyyətdə tanıdılması, İnstitutun potensialından istifadə edilməsi baxımından vacibdir.

Din mənəviyyat məsələsidir, ancaq çox təəssüflər olsun ki, din siyasiləşdirilir, bir çox ölkələr üçün təhlükəsizlik məsələsinə çevrilir. İslam dini ümumbəşəri dəyərləri önə çəkir, insanlara xatırladır. Qurani Kərim tək Allahı, Onun qarşısında məsuliyyəti dərk etməyə və nəticəsini görməyə çağırır. Amma İslam dininin son bir əsrdə elə interpretasiyalarına rast gəlirik ki, bunun nə Quranda, nə də hədislərdə əksi var. Burada xarici təsirləri görürük. Çox təəssüf ki, bu çox zaman məhzəbçilik kimi meyillərdə özünü göstərir. İslam dinində nifrət çağırışları səsləndirilir və araşdıranda bunların əksəriyyətinin kökünün xarici ölklərdən gəldiyini görürürk. Bu baxımdan İslam dininin insanlara doğru çatdırılması böyük əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

A.Şirinov vurğulayıb ki, media ilə əlaqəyə də xüsusi önəm verirlər

"Media qurumları içərisində xüsusilə Trend İnformasiya Agentliyinin adını qeyd emək istərdim ki, obyektiv, ədalətli xəbərlərin çatdırılmasına xüsusi önəm verir. Eyni zamanda Trend Azərbaycanın xaricdə təbliğində də xüsusi rol oynayır.

Çox sevindirici haldır ki, Trend İnformasiya Agentliyi və Albayrak Media Qrupu qardaş ölkələrlə əlaqəsi olan "Turkic.World" media platformasını yaradıb. Türk dünyası böyük bir dünyadır. Bu dünya ilə mədəni, iqtisadi əlaqələr qurmaq bizim üçün çox vacibdir. Əminəm ki, bunda sonra da türk dünyası bir-birinə daha da yaxşılaşacaq. 44 günlük Vətən Müharibəsində də biz türk dünyasının mənəvi dəstəyini gördük. "Turkic.World" kimi platformaların bu əlaqələrin yaxınlaşması üçün böyük əhəmiyyəti var", - deyə o əlavə edib.

Qeyd edək ki, türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) və Azərbaycan İlahiyyat İnstitutu tərəfdaşlıq memorandumu imzalayıb.

Memorandum Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu və Azərbaycan İlahiyyat İnstitutu rektoru Aqil Şirinov arasında imzalanıb.

Memoranduma əsasən, "Turkic.World" media layihəsi Azərbaycan İlahiyyat İnstitutunun rəsmi media tərəfdaşı olub.