BAKI,TurkicWorld,Yusif Şərifzadə
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il Dünya Kuboku zamanı futbolçulara, məşqçilərə, hakimlərə və komanda nümayəndələrinə qarşı sosial şəbəkələrdə 7 milyondan çox potensial təhqiramiz və zərərli paylaşımın aşkar edildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, FIFA-nın Sosial Media Müdafiə Xidməti (SMPS) turnir ərzində sosial şəbəkələrdə yayılan təhdid və nifrət xarakterli məzmunu izləyərək 7 milyondan artıq potensial zərərli paylaşımı müəyyən edib. Bu göstərici 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku ilə müqayisədə 14 dəfə çoxdur. Həmin turnirdə təxminən 470 min belə paylaşım silinmişdi.
FIFA bildirib ki, süni intellekt vasitəsilə müəyyən edilmiş 500 mindən çox mesaj mütəxəssislər tərəfindən ayrıca araşdırılıb. Bu mesajlar əsasən futbolçuları, məşqçiləri və oyun rəsmilərini hədəf alıb.
Qurumun məlumatına görə, 1000-dən çox ciddi təhdid hüquq-mühafizə orqanlarına və digər səlahiyyətli qurumlara göndərilib. Bununla yanaşı, Dünya Kubokunun əvvəlindən indiyədək 53 milyondan artıq paylaşım və şərh moderasiya olunub.
Turnir bazar günü Argentina və İspaniya milli komandaları arasında keçiriləcək final oyunu ilə başa çatacaq. FIFA bundan əvvəl açıqlamışdı ki, aşkar edilən təhqiramiz mesajların 11 faizi irqi ayrı-seçkilik xarakteri daşıyır.
FIFA vurğulayıb ki, Sosial Media Müdafiə Xidməti oyunçuların, məşqçilərin və hakimlərin onlayn təzyiq və nifrət kampaniyalarından qorunması məqsədilə fəaliyyət göstərir və turnir boyu monitorinq işlərini davam etdirib.







