Qarabağda digər idman quruğularının tikintisi nəzərdə tutulur - Fərid Qayıbov

Qarabağda digər idman quruğularının tikintisi nəzərdə tutulur - Fərid Qayıbov

Bakı, Dekabr 21. /TurkicWorld/

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbovun Trend-ə müsahibəsi

- 2022-ci il artıq başa çatmaq üzrədir. Ötən bir ili necə qiymətləndirmək olar? Bu il hansı fəaliyyətlərlə yadda qaldı? Növbəti illərdə qarşıya hansı məqsədlər qoyulub?

- İlin sonudur və biz yekunlara, nəticələrə baxırıq. Ümumilikdə biz artıq müəyyən analizlər etməyə başlamışıq. Düşünürük ki, 2022-ci il doğrudan da idmanımız üçün uğurlu bir il oldu. İdmançılarımız irimiqyaslı yarışlarda iştirak etdilər. Burada İslam Həmrəyliyi Oyunlarını qeyd edə bilərəm. İdmançılarımızın nəticələrinə baxsaq, çoxlu ilklər, yeni nailiyyətlərlə yadda qaldı. Hər bir federasiya, demək olar ki, yeni nailiyyətlərlə fəxr edə bilər. Ümumilikdə bütün federasiyalara, idman klublarına minnətdarlığımı bildirirəm.

Bizim növbəti illərdə əsas məqsədimiz Paris - 2024 Yay Olimpiya Oyunlarıdır. Bu heç də asan olmayacaq və vaxtımız da azdır. Federasiyalar üçün çox layiqli bir il oldu. Öz işlərini qura biliblər, növbəti il bundan çətin olacaq, amma belə getsə, düşünürəm ki, nəticələrimiz yaxşı olacaq.

- İşğaldan azad olunmuş ərazilərimizdə - Suqovuşanda beynəlxalq avarçəkmə yarışları keçirildi. Qarabağda yenidən bu cür beynəlxalq yarışların keçirilməsi planlaşdırılır?

- Şuşada bu il velosiped və şahmat yarışları keçirildi. Şahmat yarışları davam edəcək və velosiped yarışlarını da davam etdirmək istəyirik. Suqovuşanda Avarçəkmə Federasiyası iki beynəlxalq yarış keçirdi. İlk yarışa 4 ölkə gəlmişdisə, ikinci yarışa - 5 ay sonra 12 ölkə gəldi. Bu da onu göstərir ki, yarışlar yüksək səviyyədə keçirilir. Düşünürəm ki, Avarçəkmə Federasiyası ambisiyalı federasiyadır və onlar dayanmayacaq, davam edəcəklər, növbəti illərdə ölkələrin sayı da artacaq. Təbii ki, yarışın formatı da inkişaf edəcək. Hər ikisində iştirak etmək şansım oldu. Bəzi yarışların uzunluğunu nəzərə alaraq, Suqovuşanda keçirmək imkanımız yoxdur. Bu səbəbdən digər yarışlar Mingəçevirdə keçirilir. Məsafə uzaq deyil, bunun üçün şərait var. Suqovuşana yaxın bizim Tərtər Olimpiya Kompleksimiz var. Çox müasir bir kompleksdir. İşitrakçılar orada qala bilərlər.

- Ölkəmizdə gənclər siyasəti yüksək səviyyədə həyata keçirilir. Nazirliyin gənclərlə iş məsələsi necə qurulub? Bu istiqamətdə hansı işlər həyata keçirilir?

- Bu sahəni hər zaman inkişaf edən görmək istərdik və elə də olur. Bu sahə ən həssas sahədir. Gənclərimiz 14-29 yaş qrupunu əhatə edir. 300-dən artıq gənclər təşkilatları var. Bütün sahələrdə gənclərimiz əksəriyyət təşkil edir. Təbii ki, biz burada çox diqqətli olmalylıq. Gənclər siyasətimiz var, amma bunu biz necə həyata keçiririk və hansı alətlərdən istifafə edirik. Burada biz daim müasirliyə doğru addım atmalıyıq və elə də edirik. Prezident İlham Əliyev də buna çox önəm verir. 2 fevralda Gənclər gününün 25 illiynə həsr olunan tədbirdə şəxsən Prezident İlham Əliyev gəldi, gənclərlə söhbət etdi, onların suallarını cavablandırdı və gənclərimizə mesajlar yönləndirdi. Əsas mesajlardan biri də o idi ki, artıq biz qalib xalqıq, qalib gənclərik. Bundan sonra da biz hər bir sahədə qalibiyyətlərimizi davam etdirməliyik.

Gənclər təşkilatları ilə sıx əməkdaşlıq edirik. Bundan əlavə Gənclər Evimiz var. Hansı rayonda ki Gənclər Evi yoxdur orada gənclərlə işin necə qurulması haqqında düşünürük. Biz daim gənclərlə görüşlər keçirir, onların problemləri ilə maraqlanırıq.

- Regionlarda idmanın inkişafı və gənclərin bu sahəyə təşviqi ilə bağlı hansı işlər görülür? Bununla bağlı gələcəkdə hansı fəaliyyətlər planlaşdırılır?

- Bu il bir çox federasiyalardan xahiş etdik ki, tədbirlərini regionlarda keçirsinlər. Bunun üçün bizim olimpiya komplekslərimiz və şəraitimiz var. Regionlarda nə qədər çox bu tədbirlər keçirilsə, Olimpiya kompleklsərinə də axın çoxalar. Bəzi rayonlarımızda elə eyni idman növləri var və biz federasiyalara xahiş edirik ki, orada yerli mütəxəssislər yetişdirsinlər və ya yerli mütəxəssisləri rayonlara yollasınlar ki, onlara aid idman növü orada da inkişaf etsin. Bu istiqamətdə işlər görülməlidir, amma bu, bir-iki ilin işi deyil. Biraz vaxt tələb edən bir işdir. Qeyd etdiyimiz kimi kütləvi tədbirləri, təbliğat işlərini artırmaq lazımdır. Bəzən pullu-pulsuz idman növü kimi fikirlər səsləndirilir. Amma rayonda qeyri-olimpiya oyunlarının pullu olması normal haldır. Düşünürəm ki, məşqçinin inkişaf etdirilməsi üçün bunlar lazımdır. Lakin bununla yanaşı Olimpiya komplekslərimizdə bir çox idman növləri pulsuzdur.

- Azad olunmuş ərazilərdə hansı idman komplekslərinin tikintisi üçün işlər görülür?

- Ağdamda böyük bir stadionun tikintisi planlaşdırılır. Bundan sonra Qarabağda digər idman quruğularının tikintisi nəzərdə tutulur. Bunlar hazırda kağız üzərində olan planlardır, dəqiq hansı ildə hazır olacağını deyə bilmərəm. Lakin tapşırıq var və üzərində iş gedir.

- Ölkəmizdə qış idman növlərinin inkişafı ilə bağlı hansı işlər görülür?

-Bu ilk ilk dəfə Qış Olimpiya Oyunlarında iştirak etdim. Həm nazir, həm vətəndaş kimi istərdim ki, bizdə də qış idman növləri inkişaf etsin. Yeni ilin ilk aylarında ola bilsin ki, Bakıda buz meydançası fəaliyyətə başlasın. Artıq bu istiqamətdə danışıqlar gedir.