Son dəqiqə

Qanunsuz balıq ovuna görə 15 nəfər cərimələnib

BAKI,TurkicWorld

May ayından iyun ayının 11- dək qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin sayı açıqlanıb.

Bu barədə Balıqçılıq və Akvakultura Mərkəzi məlumat yayıb.

Bildirilib ki, may ayının 1- dən iyun ayının 11- dək keçirilən reydlər nəticəsində Mingəçevir su anbarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətində, Kür çayının Samux rayonu ərazisindən keçən hissəsinin sağ sahilində, Xəzər dənizinin Pirallahı, Salyan rayonlarında qanunsuz balıq ovu ilə məşğul olan 15 vətəndaş məsuliyyətə cəlb edilmiş, 15 fakt üzrə inzibati qaydada protokollar tərtib olunub.1 fakt üzrə cinayət məsuliyyəti yaranması səbəbi ilə toplanmış materiallar aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu may ayının 1-dən etibarən ölkə ərazisindəki bütün su hövzələrində sentyabr ayının 1-dək qadağan edilir. Bu məqsədlə balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir.