BAKI, TurkicWorld:
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin (ASQİB) təşkilatçılığı ilə 26 aprel 2026-cı il tarixində, saat 15:00-da Gəncə şəhərində yerləşən "İmperial" restoranında Qadın Sahibkarlarının I Qurultayı baş tutacaq. "Güclü qadınlar, sonsuz imkanlar" şüarı altında keçirilən bu möhtəşəm tədbir istehsal, xidmət və ticarət sahəsində uğur qazanan iş qadınlarını, qadın sahibkarlığına dəstək verən dövlət rəsmilərini, marketinq və hüquq üzrə tanınmış ekspertləri, eləcə də gələcəyin perspektivli gənc startapçılarını bir araya gətirəcək.
Tədbirin rəsmi proqramı qırmızı xalça keçidi və musiqili qarşılanma ilə başlayacaq, ardınca dövlət və qurum nümayəndələrinin qadın sahibkarlığının ölkə iqtisadiyyatındakı strateji əhəmiyyəti barədə çıxışları ilə davam edəcəkdir. Qurultay çərçivəsində foyedə xüsusi stendlər qurulacaq ki, bu da iştirakçılara öz məhsul və xidmətlərini birbaşa nümayiş etdirmək, potensial müştərilər və tərəfdaşlarla yeni işgüzar əlaqələr qurmaq imkanı yaradacaq. Proqramın sonunda milli ornamentlərin müasir şou elementləri ilə vəhdətindən ibarət interaktiv əyləncə və qonaqların sərbəst ünsiyyəti üçün nəzərdə tutulmuş işgüzar nahar təşkil olunacaqdır.
Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən və hazırda 10 000-dən çox üzvü olan ASQİB indiyədək minlərlə qadının peşə təlimlərinə cəlb olunaraq öz biznesini qurmasına dəstək vermişdir. Tədbirlə bağlı əlavə məlumat almaq istəyənlər +994 77 122 21 02 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA Qadın Sahibkarlarının I Qurultayının rəsmi media tərəfdaşıdır.
