BAKI,TurkicWorld
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu bu gün yalnız Azərbaycanın çoxəsrlik tarixinin simvolu deyil, eyni zamanda mədəni irsi, müasir idarəetməni və iqtisadi dayanıqlılığı birləşdirən dinamik şəhər məkanıdır.
TurkicWorld xəbər verir ki, Bakının qədim hissəsi olan İçərişəhərin strateji rolu, əsas çağırışları və inkişaf perspektivləri barədə Qoruğun İdarə Heyətinin sədri Rüfət Mahmud Trend-ə verdiyi müsahibədə məlumat verib.
O, milli irsin qorunmasında dövlətin roluna xüsusi diqqət çəkib. Onun sözlərinə görə, tarixi-mədəni abidələrin mühafizəsi istiqamətində strateji və ardıcıl dövlət siyasəti həyata keçirilir.
"Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa işlərinə, tarixi mühitin qorunmasına və mədəni infrastrukturun inkişafına prioritet əhəmiyyət verilir. Azərbaycanın mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasına və bərpa layihələrinin icrasına Birinci vitse-prezident Mehriban Əliyeva mühüm töhfə verir. Sistemli dövlət dəstəyi İçərişəhərin dünya əhəmiyyətli obyekt kimi uzunmüddətli inkişafı üçün möhkəm institusional və maliyyə bazası yaradır", – deyə İdarə Heyətinin sədri vurğulayıb.
Onun sözlərinə görə, İçərişəhər artıq sadəcə Bakının tarixi mərkəzi deyil, kompakt lakin yüksək konsentrasiyalı mədəni-iqtisadi klasterdir. Təxminən 22 hektarlıq ərazidə paytaxta turist marağının əhəmiyyətli hissəsi formalaşır: Bakıya gələn qonaqların dörddə birinə qədəri səfər proqramına mütləq şəkildə İçərişəhəri daxil edir. Son bir ildə ziyarətçi sayı 8–12 % artıb, turistlərin orta qalma müddəti uzanıb, tədbir aktivliyi güclənib. Lakin Rüfət Mahmudun sözlərinə görə, əsas məsələ rəqəmlər deyil, onların keyfiyyətidir — İçərişəhər tədricən "cəlbedici məkan" modelindən dayanıqlı şəhər mərkəzi modelinə transformasiya olunur.
"Surətlə inkişaf edən meqapolis şəraitində tarixi mərkəz balans funksiyasını yerinə yetirir — bu, insan miqyaslı, piyada yönümlü, lokal biznesin və mədəni yaddaşın qorunduğu bir məkandır. Müasir memarlıqla tarixi mühitin sinergiyası dayanıqlı şəhər modelini formalaşdırır", – deyə o bildirib.
Qoruq rəhbərliyi İçərişəhərə ilk növbədə "canlı tarixi şəhər" kimi yanaşır, onu açıq səma altında muzey formatında deyil, yaşayış məkanı kimi görür. Prioritet yalnız fasadların qorunması deyil, həm də rezidentlərin həyat keyfiyyətinin yüksəldilməsidir. "Tarixi toxumanın qorunması prinsiplərinə riayət etməklə mühəndis infrastrukturunun modernləşdirilməsi aparılır, obyektlərin istismar və idarəetmə mexanizmləri təkmilləşdirilir, dam örtükləri və müasir memarlıq müdaxilələri üzrə vahid reqlamentlər hazırlanır. Eyni zamanda nəqliyyat rejimi optimallaşdırılır və piyada mühitinin prioritetliyi gücləndirilir", – deyə Rüfət Mahmud qeyd edib.
İdarəetmənin rəqəmsallaşdırılması inzibati prosedurların sürətləndirilməsinə və sakinlərlə kommunikasiyanın şəffaflığının artırılmasına imkan verir. Effektivlik KPI sistemi vasitəsilə — razılaşdırma müddətlərindən tutmuş rezident məmnunluğu səviyyəsinədək — qiymətləndirilir. "Tarixi mərkəz yaşamaq üçün komfortlu olmalıdır, əks halda dekorasiyaya çevrilir", – deyə o vurğulayıb.
İqtisadi baxımdan İçərişəhər hər kvadratmetr üzrə yüksək əlavə dəyər yaradan mədəni yönümlü mikroiqtisadi modelə malikdir. Əsasını mədəni turizm, hotel-restoran sektoru, sənətkarlıq və kreativ sənayelər, eləcə də tədbir iqtisadiyyatı təşkil edir. Son bir ildə turizm sektorunun dövriyyəsi artıb, qastronomik layihələrin spektri genişlənib, gəlirlərin diversifikasiyası güclənib.
Administrasiyanın strateji məqsədi "turist axını" modelindən dəyər əsaslı turizm modelinə — yəni yalnız kəmiyyətə deyil, iqtisadi dərinliyə və auditoriyanın keyfiyyətinə əsaslanan yanaşmaya keçiddir. Prioritetlər sırasında premium seqmentin inkişafı, yerli sahibkarlığın dəstəklənməsi və özəl sektorla dayanıqlı tərəfdaşlıqların formalaşdırılması yer alır.
Çağırışlara toxunan Rüfət Mahmud autenikliyin qorunması ilə kommersiyalaşma təzyiqi arasında balansın vacibliyini vurğulayıb. Əsas istiqamətlər sırasında tarixi toxumanın preventiv konservasiyası, memarlıq müdaxilələrinə nəzarət, turizm yükünün idarə olunması və maliyyə dayanıqlığının təmin edilməsi qeyd olunub.
"Növbəti inkişaf mərhələsi "Smart Reserve" – "Ağıllı qoruq" konsepsiyasının həyata keçirilməsi ilə bağlıdır. Daşınmaz əmlak və infrastruktur üzrə vahid rəqəmsal kadastr yaradılır, turist axınlarının analitikası tətbiq edilir, rəqəmsal naviqasiya və kontent sistemi inkişaf etdirilir, maliyyə şəffaflığı gücləndirilir və bütün fəaliyyət istiqamətlərində KPI yanaşması tətbiq olunur", – deyə o bildirib.
Sonda Rüfət Mahmud qeyd edib ki, əsas məqsəd İçərişəhəri region üçün "ağıllı tarixi şəhər" modelinə çevirməkdir — ənənə ilə texnologiyanın ziddiyyət təşkil etmədiyi, əksinə, şəhər sisteminin dayanıqlığını qarşılıqlı şəkildə gücləndirdiyi, mədəni identikliyin qorunaraq müasir şəraitdə inkişaf etdiyi bir məkan kimi formalaşdırmaqdır.







