BAKI,TurkicWorld
Paytaxtın Suraxanı rayonunda yerləşən Aeroport şosesində hərəkət müvəqqəti olaraq dayandırılacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, fevralın 21-də Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının metal konstruksiyasında son tamamlama işləri aparılacaq.
Bu səbəbdən 00:00-dan 05:45-dək Hava limanı yolunda – Hava limanı körpüsündən Koroğlu metro stansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Şosenin hər iki istiqamətində isə 02:30-dan 05:15-dək hərəkət tam dayandırılacaq və avtomobillər alternativ yollara yönləndiriləcək.
Alternativ marşrut kimi, Mərdəkan şosesindən gələn sürücülər (Hava limanı istiqamətində məhdudiyyət olmayacaq) Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu ərazisində Xanlar Ələkbərov və 14 İyul küçələrinə istiqamətləndiriləcək. Həmçinin şəhərdən Hava limanı istiqamətində hərəkət edənlər 8 Noyabr prospektindən Zığ yolu vasitəsilə alternativ marşrutdan istifadə edə biləcəklər.
Məhdudiyyət müddətində alternativ yollarda nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.






