BAKI, TurkicWorld, Orxan Qədirzadə
Bakıda “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib
TurkicWorld xəbər verir ki, tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri professor Kamran Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin rəhbəri Yeganə Abbasova çıxış ediblər.
Tədbiri açan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev Qafqazda ilk ürək transplantasiyasının Azərbaycan səhiyyəsinin tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin bu sahədə regional liderliyini bir daha təsdiqlədiyini vurğulayıb. Bildirib ki, ötən il Azərbaycan səhiyyə tarixi üçün unudulmaz hadisələrlə yadda qalıb. Onun sözlərinə görə, məhz 2025-ci ildə ölkəmizdə ilk dəfə beyin ölümü qeydə alınmış donordan orqan transplantasiyası həyata keçirilib.
“Sevindirici haldır ki, biz ürək cərrahları olaraq, bu tarixi prosesə qoşulduq və 2025-ci ildə iki uğurlu ürək transplantasiyası icra etdik. Bu əməliyyat Azərbaycanın Qafqaz regionunda donor orqandan ürək transplantasiyası sahəsində lider mövqeyini təsdiqlədi və region üçün bir ilk kimi tarixə düşdü”, – deyə professor vurğulayıb.
Qeyd olunub ki, əldə edilən bu nailiyyətlərin təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş səhiyyə strategiyası dayanır: “Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda orqan transplantasiyası kimi mürəkkəb və yüksək texnologiya tələb edən əməliyyatlar uğurla icra olunur”.
Akademik Əhliman Əmiraslanov çıxışında qeyd edib ki, orqan transplantasiyasının uğurla həyata keçirilməsi üçün beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası və effektiv icra mexanizmlərinin yaradılması həlledici əhəmiyyət daşıyır. O qeyd edib ki, 2020-ci ildə beynəlxalq transplantasiya standartlarına uyğun yeni qanun layihəsi hazırlanaraq qəbul olunub və həmin ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən təsdiqləndikdən sonra bu sahədə real icra mexanizmlərinin yaradılmasına başlanılıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin operativ fəaliyyəti nəticəsində transplantasiyanın həyata keçirilməsi üçün zəruri təşkilati mexanizmlər qısa müddətdə formalaşdırılıb.
“Bu prosesdə Koordinasiya Mərkəzinin yaradılması xüsusi rol oynayıb. Nəticədə bu gün ölkəmizdə ürək transplantasiyası kimi yüksək peşəkarlıq və texnoloji imkanlar tələb edən əməliyyatları icra edə bilən peşəkar tibbi komanda mövcuddur”, – deyə Əhliman Əmiraslanov vurğulayıb.
Komitə sədri bildirib ki, indiyədək iki ürək transplantasiyasının uğurla icra edilməsi mühüm nailiyyətdir, lakin bu sahədə fəaliyyətin daha da genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, transplantasiya sisteminin dayanıqlı inkişafı üçün tibbi heyətin, koordinasiya strukturlarının və aidiyyəti qurumların birgə fəaliyyəti əsas şərtdir.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışında diqqət çatdırıb ki, Azərbaycanda orqan donorluğu və transplantasiyası sahəsində vahid və şəffaf idarəetmə sistemi formalaşdırılıb. Nazir müavini qeyd edib ki, 2022-ci ildə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti nəticəsində ölkədə transplantasiyaların aparılması, donor və resipientlərin qeydiyyatı, gözləmə siyahılarının formalaşdırılması və əməliyyatların monitorinqi sistemləşdirilib. “Mərkəz yaradılanadək transplantasiyalar sporadik xarakter daşıyırdı və vahid statistika mövcud deyildi. Hazırda isə bütün proseslər şəffaf mexanizmlər əsasında həyata keçirilir, donorların könüllülüyü xüsusi mexanizmlərlə yoxlanılır, etik məsələlərə ciddi nəzarət olunur”, – deyə Nadir Zeynalov bildirib.
O əlavə edib ki, transplantasiya sisteminin rəqəmsallaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova qeyd edib ki, Qafqazda ilk ürək transplantasiyası əməliyyatının Azərbaycanda icra olunması uzun illər ərzində mərhələli şəkildə aparılan sistemli islahatların nəticəsidir. Bildirib ki, Koordinasiya Mərkəzinin yaradılması üçün ilk növbədə hüquqi baza formalaşdırılıb: “Bu istiqamətdə Milli Məclisin Səhiyyə Komitəsi və Səhiyyə Nazirliyi tərəfindən zəruri normativ sənədlər hazırlanıb və qəbul edilib”.
Yeganə Abbasovanın sözlərinə görə, 2022-ci ildə Vahid İnformasiya Bazası haqqında Əsasnamə təsdiq olunub və bundan sonra ölkədə orqan transplantasiyası sahəsində vahid rəqəmsal sistem yaradılmağa başlayıb: “Bu sistemə reanimasiya şöbələrində süni tənəffüs aparatları olan bütün xəstəxanalar, transplantasiya əməliyyatları icra edən tibb müəssisələri və orqan transplantasiyasını gözləyən pasiyentlərin siyahıları daxil edilib”.
Koordinasiya Mərkəzinin sədri qeyd edib ki, həmin sistem vasitəsilə böyrək, qaraciyər, ürək, buynuz qişa və sümük iliyi transplantasiyasını gözləyən şəxslərin növbəliliyi şəffaf və mərkəzləşdirilmiş qaydada aparılır.
Qafqazda ilk dəfə ürək transplantasiyası əməliyyatının icra olunduğu Rəşad Məmmədəliyev əməliyyatdan sonra həyatındakı dəyişikliklər və gündəlik qayğıları barədə danışıb.
Sonra elmi-praktiki dəyirmi masa çərçivəsində məruzələr dinlənilib.
“Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa müzakirələrlə davam edib.
Tədbir Səhiyyə Nazirliyi, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.