BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ-da Miqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) əleyhinə etiraz aksiyalarını işıqlandıran jurnalistlərin saxlanılması ölkədə mətbuat azadlığı ilə bağlı narahatlıqları artırıb.
TurkicWorld xəbər verir ki, yanvarın 30-da Jurnalistlərin Müdafiəsi Komitəsi sabiq CNN aparıcısı Don Limon və müstəqil jurnalist Corciya Fortun Minnesota ştatında saxlanıldığını açıqlayıb. Onlara ICE əleyhinə etiraz aksiyaları ilə bağlı reportajlara görə ağır cinayətlər maddəsi ilə ittiham irəli sürüldüyü bildirilib. Təşkilat baş verənləri ABŞ-da mətbuata qarşı təzyiqlərin ciddi şəkildə artmasının göstəricisi kimi dəyərləndirib və jurnalistlərin cinayət təqibinin peşə fəaliyyəti ilə birbaşa əlaqəli olduğunu vurğulayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakim Ceffris bəyan edib ki, Prezident Donald Tramp hüquq-mühafizə orqanlarını hökuməti tənqid edən jurnalistlərə qarşı “silah” kimi istifadə edir. Onun sözlərinə görə, bu yanaşma demokratik institutlara və söz azadlığına zərbə vurur.
ABŞ-ın ədliyyə naziri və baş prokuroru Pem Bondi isə saxlanılmaların yanvarın 18-də baş verən hadisələrlə əlaqəli olduğunu bildirib. O qeyd edib ki, Don Limon və digər şəxslər Minnesotada yerləşən bir kilsəyə qarşı “əlaqələndirilmiş hücumda” iştirak etməkdə şübhəli bilinirlər. Daha əvvəl Prezident Donald Tramp həmin kilsədə keçirilən dini mərasimin, yerli ICE bölməsinin rəhbəri olan din xadiminin iştirakı səbəbindən “peşəkar təxribatçılar” tərəfindən pozulduğunu iddia etmişdi. Hadisə yerindən yayılan görüntülərdə etirazçıların “ICE, buradan çıxın” şüarları səsləndirdiyi eşidilir.
Eyni zamanda ABŞ Ədliyyə Nazirliyi Minnesotanın Minneapolis şəhərində ABŞ vətəndaşı Aleks Prettinin ölümü ilə bağlı araşdırmaya başlayıb. Nazir müavini Todd Blanş vətəndaş hüquqları şöbəsinin Federal Təhqiqat Bürosu ilə birgə federal əməkdaşların mümkün hüquq pozuntularını araşdırdığını açıqlayıb. Bildirilib ki, 37 yaşlı reanimasiya tibb bacısı Pretti yanvarın 24-də miqrantların saxlanılması reydi zamanı güllələnərək öldürülüb.
Daxili Təhlükəsizlik Nazirliyi Prettinin silahlı olduğunu və atəşin özünümüdafiə məqsədilə açıldığını iddia etsə də, bu versiya şahidlər, yerli rəsmilər və mərhumun ailəsi tərəfindən təkzib olunub. Onların sözlərinə görə, Prettinin əlində telefon olub və yayılan videolarda onun müqavimət göstərmədiyi, atəş açılan anda isə yerdə uzandığı görünür. İctimai narazılıqdan sonra Donald Tramp “ədalətli və ləyaqətli araşdırma” aparılacağını açıqlayıb. Konqresə təqdim olunan ilkin hesabatda Prettinin silaha uzanmasına dair məlumatın olmadığı qeyd edilib.
Qeyd olunur ki, Minnesotada miqrantlara qarşı sərt reydlər Tramp administrasiyasının immiqrasiya qanunvericiliyinin icrasını sərtləşdirmək təşəbbüsü çərçivəsində həyata keçirilir və ştata minlərlə federal əməkdaş cəlb edilib. Prettinin ölümü Minneapolisdə ICE əməkdaşı tərəfindən 37 yaşlı Rene Qudun öldürülməsindən cəmi bir neçə həftə sonra baş verib. Həmin hadisədə də administrasiya qadını “daxili terrorçu” adlandırmış və əməkdaşın özünümüdafiə çərçivəsində hərəkət etdiyini bildirmişdi.
Minneapolis sakinləri miqrantlara qarşı reydlərə etiraz olaraq kütləvi aksiyaları davam etdirir. Könüllülər ICE əməkdaşlarının hərəkətləri barədə qonşuları xəbərdar edir, miqrant ailələrinə ərzaq yardımı təşkil olunur. Şəhərdə genişmiqyaslı etirazlar səngimək bilmir.