Azərbaycan Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏƏSMN Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi

20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər sosial müdafiə tədbirləri ilə əhatə ediliblər

BAKI, TurkicWorld

1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəman Vətən övladlarının ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər dövlətimiz tərəfindən sosial müdafiə tədbirləri ilə əhatə ediliblər.

Bu barədə TurkicWorld-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edilib və Ulu Öndərin tapşırığı ilə 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların sosial müdafiəsi istiqamətində mühüm tədbirlərə başlanıb. Prezident İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi diqqət və qayğısı bu istiqamətdə tədbirlərin ildən-ilə daha da gücləndirilməsinə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.

Bu kateqoriyadan olan vətəndaşlar Prezidentin aylıq təqaüdü, bu təqaüdlə yanaşı əlilliyi olan şəxslər aylıq pensiya və ya aylıq müavinətlə təmin edilirlər. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlərə də Prezidentin aylıq təqaüdü ödənilir.

Qeyd olunan sosial ödənişlərdə mütəmadi artım dinamikası ötən il də davam etdirilib. 2025-ci ildə icra olunan növbəti sosial islahat paketi çərçivəsində şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 700 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü isə orqanizmin funksiyalarının

  • 81-100 faiz pozulmasına görə 600 manata,
  • 61-80 faiz pozulmasına görə 500 manata,
  • 31-60 faiz pozulmasına görə 400 manata çatdırılıb.

Əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 300 manata, 250 manata və 180 manata çatdırılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq 120 manat müəyyən olunub.

Son 7 il ərzində icra olunan 5 sosial islahat paketi nəticəsində Prezidentin aylıq təqaüdü

  • 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün 2,3 dəfə,
  • 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3,5 dəfə,
  • orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2,4 dəfə,
  • əlilliyi olan şəxslərə müavinətlər 4,6 dəfə artırılıb.

Həmçinin qeyd edilən islahatlar nəticəsində pensiyalarda da davamlı artıma nail olunub və orta aylıq pensiya 2,6 dəfə artaraq 543 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 2,5 dəfə artaraq 578 manata çatıb.

20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı da həyata keçirilir. Ölkə qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün bir sıra imtiyaz və güzəştlər də müəyyən edilib.

Mövzuya görə xəbərlər