BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
AZCON Holding şirkətlərindən olan ASCO-nun Xəzərdənkənar sularda istismar edilən “Qafur Məmmədov” quru yük gəmisi əsaslı təmir olunub.
TurkicWorld xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, İstanbulun Tuzla bölgəsində yerləşən Torlak tərsanəsində həyata keçirilən təmir çərçivəsində gəminin növbəti 5 illik istisamarı üçün zəruri olan bütün işlər yerinə yetirilib.
Proses çərçivəsində gəminin baş mühərrikləri əsaslı təmir edilib, iki ədəd köməkçi dizel generatoru isə qənaətcil və gəminin faktiki elektrik enerjisi tələbatı nəzərə alınaraq yenisi ilə əvəzlənib.
Bununla yanaşə, gəmidə mövcud olan digər maşın və mexanizmlərdə tələb olunan təmir işləri yerinə yetirilib. Boru sistemlərində borular dəyişdirilib, hərəkətverici vint-sükan qurğusu sökülərək, zavod şəraitində təmir edildikdən sonra yenidən gəmiyə quraşdırılıb. Bundan başqa, gəminin məişət fekal sistemləri və çənləri yenilənib. MARPOL konvensiyasının VI Əlavəsinə uyğun olaraq gəminin yanacaq sisteminə müvafiq dəyişikliklər edilib.
Heyətin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeməkxana və kayutlarda təmir işləri aparılıb, məişət sistemləri və divar panelləri yeniləri ilə əvəz olunub.
Eyni zamanda, quru yük gəmisinin sualtı hissəsində təmir işləri icra edilib, dəyişdirilməsi tələb olunan hissələr dəyişdirilib, gövdə hissəsi təmizlənib və boyanıb. Gəminin yük anbarlarında da metal dəyişdirilməsi, eləcə də təmizləmə və boyama işləri görülüb.
Qeyd edək ki, “Qafur Məmmədov” gəmisi 2017-ci ildən Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin yükgötürmə qabiliyyəti 5500 ton, uzunluğu 108, eni 16,5 metrdir.







