Son dəqiqə

Azərbaycan kənd təsərrüfatı

Agentlik sədri Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması üzrə görülən işləri açıqlayıb

BAKI,TurkicWorld

Heyvan xəstəliklərindən azad zonaların yaradılması "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üçün prioritet mövzulardan biridir. Azərbaycanın iki bölgəsində - Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş ərazilərdə heyvan xəstəliklərindən azad zonaların yaradılması prosedurları həyata keçirilir.

TurkicWorld xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün aqrar biznes festivallarına həsr olunan yekun tədbir çərçivəsində deyib.

Onun sözlərinə görə, bu təşəbbüs bölgədə baytarlıq nəzarətinin gücləndirilməsi, heyvandarlıq məhsullarının keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm addım hesab olunur: "Bu status tanındıqdan sonra heyvan məhsullarının ixracına və ölkə ərazisindən tranziti ilə bağlı mövcud olan bir sıra maneələr aradan qaldırılacaq.

İlk növbədə azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinin qarşısının alınmasına yönəldiləcək və "peyvəndləmə ilə azad" statusun əldə olunması istiqamətində praktiki işlərə başlanacaq. Hazırda bu istiqamətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) ilə müvafiq danışıqlar aparılır".

"İlk azad zonanın tam hazır olması ilə bağlı konkret vaxt söyləməyimiz düzgün olmaz, lakin onu deyə bilərəm ki, bu istiqamətdə tədbirlərimizi davam etdiririk", - sədr əlavə edib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Mövzuya görə xəbərlər