Son dəqiqə

AZAL

Qəzaya uğrayan təyyarə Qazaxıstanın hava məkanından kənarda zədələnib - Kanat Bozumbayev

Bakı, TurkicWorld

Ekspertlər hesab edir ki, qəzaya uğrayan təyyarə Qazaxıstanın hava məkanından kənarda zədələnib.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan KİV-lərinə açıqlamasında bu ölkənin baş nazirinin müavini, təyyarə qəzasının səbəblərini araşdırmaq üçün yaradılan hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev deyib.

"Ekspertlər belə qənaətə gəlirlər ki, Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın təyyarəsi Qazaxıstanın hava məkanından kənarda zədələnib. Hərtərəfli izlənilmə, ballistik və partlayıcı ekspertiza təyin edilib.

Partlayış nə vaxt olub, partlayışa nə səbəb olub - ekspertiza bizə bu suallara aydın cavab verməlidir. Nəticələrə əsasən, ictimaiyyəti məlumatlandıracağıq", - o bildirib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Mövzuya görə xəbərlər