Bakı, TurkicWorld
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Sağlam bədəndə, sağlam ruh olar” adlı layihəsi yekunlaşıb.
TurkicWorld xəbər verir ki, 100 gənci əhatə edən layihə çərçivəsində mütəxəssislər tərəfindən 4 təlim keçirilib. Ahəng PRİM rəhbəri, psixoloq, təlimçi Vüsalə Əmiraslanova, Dünya Allerqoloqlar Birliyinin üzvü, allerqoloq İlahə Həsənli, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova və endokrinoloq Pərvanə Allahverdiyeva tərəfindən gənclərə sağlamlığımızı qorumağın vacibliyinə dair müxtəlif mövzularda təlimlər keçirilib.
Qeyd etmək lazımdır ki, layihə rəhbəri Əmrah Həsənlinin olduğu layihə, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “İdeyanı Reallaşdır” qrant müsabiqəsinin qalib layihələrindəndir.
Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.
Birlik gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli və öyrədici formada dəyərləndirilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.