Son dəqiqə

Paris-2024 Yay Olimpiya Oyunları

Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimi start götürüb

Bakı. TurkicWorld:

Fransanın paytaxtı Parisdə XXXII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir.

TurkicWorld xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da "Stad de Frans" stadionunda başlayan tədbirdə ölkələrin paradı da təşkil olunacaq. Bu parad zamanı Azərbaycanın bayrağını olimpiadanın gümüş mükafatçısı taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutmuş qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandıracaqlar.

Qeyd edək ki, Azərbaycan idmançıları "Paris-2024" Yay Olimpiya Oyunlarında 7 medal qazanaraq Xorvatiya ilə birgə 30-31-ci yerləri bölüşüblər. Azərbaycan komandasının tərkibində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olub. Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medal qazanıblar.

Azərbaycan bu Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub.

Mövzuya görə xəbərlər