Son dəqiqə

UNESCO

UNESCO dünyaya daha çox sülh və əmin-amanlıq gətirsin deyə yaradıldı - Reymond Bondini

Bakı. TurkicWorld:

Azərbaycandakı mədəni irsin çoxluğu və gözəlliyi məni hər zaman valeh edib.

TurkicWorld xəbər verir ki, bu barədə UNESCO üzrə Malta Respublikasının Milli Komissiyasının sədri Reymond Bondini VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən " Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" mövzusunda keçirilən Nazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.

"UNESCO dünyaya daha çox sülh və əmin-amanlıq gətirsin deyə yaradıldı. Bu dövrlər ərzində böyük işlər görüldü. Biz sülh içərisində yaşamalı, əməkdaşlıq etməliyik.

Mədəni irs dedikdə, ölkənin kimliyindən söhbət gedir. Əlimizdən gələni etməliyik ki, mədəni irslərimizə layiqincə diqqət ayrılsın", - o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

"Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Mövzuya görə xəbərlər