BAKI,TurkicWorld
Mədəniyyət Nazirliyinin təşkilatçılığı dekabrın 10-da keçirilən "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum panellərlə davam edir.
TurkicWorld xəbər verir ki, forumun növbəti paneli "Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz" mövzusuna həsr olunub.
Əvvəlcə mədəniyyət nazirinin müavini Səadət Yusifovanın milli və mədəni kimlik mövzusunda məruzəsi dinlənilib. Məruzədə milli kimliyi formalaşdıran amillər, etnik-mədəni sistemin milli düşüncəyə təsirləri, tarixi yaddaşın millət və dövlət quruculuğunda rolu kimi məsələlər diqqətə çatdırılıb.
Sonra panel ADA Universiteti Hüquq fakültəsinin dekanı Rəşad İbadovun moderatorluğu ilə davam edib.
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Turqay Hüseynov, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraşı direktoru Samir Mahmudov və Mədəniyyət Nazirliyi Hüquq şöbəsinin müdiri Gülər Mikayılova çıxış ediblər.
Paneldə "Azərbaycan Respublikası Konstitusiyası milli kimliyin qorunmasının təminatçısı kimi", "Azərbaycan Respublikası Konstitusiyasında mədəniyyət hüququ və vəzifələr", "Konstitusiyanın aliliyi və hüquq mədəniyyəti", "Mədəniyyət haqqında qanunvericilik, tənzimləmə və icra mexanizmləri" mövzuları üzrə müzakirələr aparılıb.
Bildirilib ki, çağımızda mədəniyyət sahəsinin hüquqi tənzimlənməsinə yeni yanaşmaların tətbiqi zərurəti yaranıb. Vurğulanıb ki, mədəni dəyərlərin və tarixi irsin qorunmasında dövlət qurumları ilə yanaşı, ayrı-ayrı şəxslərin və vətəndaş cəmiyyətlərinin də üzərinə mühüm vəzifələr düşür.
Qeyd olunub ki, Azərbaycan qədim və zəngin mədəni irsə malik ölkədir. Musiqisi, kinosu, teatrı, rəssamlıq və memarlığı, milli adət-ənənələri, mətbəx mədəniyyəti ölkəmizin mədəni irsini formalaşdıran əsas elementlərdir. Bu sahələr üzrə insanların fəaliyyəti, hər bir vətəndaşın bu irs nümunələrindən maneəsiz istifadəsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Son illərdə əhalinin bütün təbəqələrinin mədəni xidmətlərdən daha rahat istifadəsi ilə bağlı mühüm işlər görülüb. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən aparıcı muzey, teatr, film nümayişi məkanları, kitabxana və digər sahələrdə həssas qruplardan olan vətəndaşların mədəni xidmətlərə əlçatanlığı təmin edilir.
Paneldə eyni zamanda hüquq mədəniyyətinin formalaşması üçün maarifçilik işinin genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb.
Məruzəçilər sonda sualları cavablandırıb, təkliflərlə çıxış ediblər.







