Bakı. TurkicWorld:
Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
TurkicWorld xəbər verir ki, Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir.
Bu gün 39 ailə olmaqla, 140 nəfər Füzuli sakini - Bakı şəhərindən 25 ailə (89 nəfər), Abşeron rayonundan 6 ailə (22 nəfər), Sumqayıt şəhərindən 4 ailə (11 nəfər), Füzuli rayonundan 2 ailə (11 nəfər), Gəncə şəhərindən 1 ailə (5 nəfər), Qazax rayonundan 1 ailə (2 nəfər) öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən ailələr Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyində yola salınıb, Gəncə şəhəri, Füzuli və Qazax rayonundan yola salınan ailələr isə Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət ediblər.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Füzuli şəhərində 783 ailənin, yəni 2979 nəfərin məskunlaşması təmin edilib.