Alper Gezeravcı Azərbaycana gələcək - Azərkosmos

Alper Gezeravcı Azərbaycana gələcək - Azərkosmos

Bakı. TurkicWorld:

Türk dövlətləri təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, eləcə də, iqlim dəyişikliklərinin mənfi nəticələrinə qarşı mübarizə məqsədi ilə kosmik texnologiyalar sahəsində fəal əlaqələr yaradıblar.

TurkicWorld xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

O qeyd edib ki, türkdilli ölkələrin kosmik agentlikləri kiçikölçülü “CubeSat” peykinin birgə işlənib hazırlanma layihəsini, həmçinin kosmik sahədə vahid tədqiqat platformasının yaradılmasını müzakirə edirlər.

“Bu platforma ölkələrimizin kosmik sahədə topladığı biliklərə çıxış imkanı yaradacaq. Bu platformadan alimlər və ekspertlər yararlana biləcəklər”, - deyə “Azərkosmos” sədri bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sıx əlaqələrin qurulması ekoloji sahədə məlumatların toplanması üçün kosmik texnologiyalardan istifadənin səmərəliliyini də artıracaq ki, bu da kifayət qədər mühüm məsələdir. Türkiyə ilə əməkdaşlığa toxunan “Azərkosmos” İdarə Heyətinin sədri qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən kosmik sahədə uğurla inkişaf edir. O xatırladıb ki, ötən il Bakı Beynəlxalq Astronavtika Konqresində növbəti konqresin keçiriləcəyi yer barədə razılıq əldə edilib.

“Azərbaycan tərəfinin fəal dəstəyi ilə 2026-cı ildə konqresin Türkiyənin Antalya şəhərində keçirilməsi qərara alınıb. Ölkəmiz bu cür tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir və onu türk dostları ilə bölüşməyə hazırdır”, - deyə Səməddin Əsədov qeyd edib.

Eyni zamanda, S.Əsədov Türkiyənin kosmik sahədə təcrübəsinin öyrənilməsində Azərbaycanın maraqlı olduğunu bildirib.

“Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçan ilk türk kosmonavtı Alper Gezeravcının Azərbaycana səfərinə hazırıq. Ölkəmizin mütəxəssisləri onun kosmik missiyası çərçivəsində həyata keçirdiyi elmi təcrübələr ilə maraqlanırlar”, - deyə qurum rəhbəri qeyd edib.