Son dəqiqə

Azərbaycan Azərkosmos

Azərkosmos və Dünya Məktəbi əməkdaşlığa başladı: şagirdlər peyk hazırlayacaq

BAKI,TurkicWorld

AZCON Holdinq şirkətlərindən olan Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Dünya Məktəbi arasında ölkədə kosmik təhsil və innovasiya ekosisteminin inkişafına yönəlmiş əməkdaşlıq müqaviləsi imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərkosmosdan məlumat verilib.

Müqavilə çərçivəsində tərəflər Dünya Məktəbinin şagirdləri arasında kosmik texnologiyalar, mühəndislik, innovasiya və tətbiqi elmlərə marağın artırılmasına yönəlmiş strateji təşəbbüsləri birgə həyata keçirəcəklər.

Bu əməkdaşlıq çərçivəsində reallaşdırılacaq “Dünya Məktəbi” peyk layihəsi proqramı şagirdlərə real kosmik missiya təcrübəsi qazandıraraq onların nəzəri biliklərini praktiki bacarıqlarla birləşdirməyi hədəfləyir.

Layihə iştirakçıları beynəlxalq standartlara uyğun “IoT” (Internet of Things – Əşyaların interneti) tipli “PocketQube 1P” formatında piko-peykin hazırlanması, test edilməsi prosesslərində birbaşa iştirak edəcəklər.

Layihənin icrası Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya tərəfindən təmin ediləcək. Beynəlxalq texniki tərəfdaş qismində isə Braziliyanın qabaqcıl kosmik təhsil və texnologiya şirkəti “IDEIA Space” cəlb ediləcək. Proqram təcrübə ilə öyrənmə (“learning by doing”) modeli əsasında qurulacaq və şagirdlərə kosmik mühəndisliyin əsas mərhələlərini real mühitdə mənimsəməyə imkan yaradacaq.

Layihə ümumilikdə 24 ay davam edəcək. İlk 12 ay tədris, dizayn, inteqrasiya və peykin hazırlanmasına, növbəti 12 ay isə orbitdən əldə ediləcək məlumatların qəbulu, təhlili və tətbiqinə həsr olunacaq.

Proqram çərçivəsində Dünya Məktəbinin şagirdlərindən ibarət komandalar aşağıdakı istiqamətlər üzrə ixtisaslaşmış hazırlıq keçəcəklər:

• Kosmik missiyanın konseptual hazırlanması
• Peyk sistemlərinin dizaynı
• Elektron sxemlərin qurulması
• Proqramlaşdırma və kodlaşdırma
• Telemetriya, izləmə və komanda sistemləri
• Peykin test mərhələləri
• Orbit məlumatlarının analizi

Tədris proqramı çərçivəsində iştirakçılara xüsusi hazırlanmış kosmik tədris dəstləri (“Space Education Toolbox”) təqdim ediləcək və real uçuş modeli əsasında peyk platforması üzərində praktiki işlər aparılacaq.

Layihənin yekun mərhələsində hazırlanacaq peykin beynəlxalq tərəfdaşlıq çərçivəsində “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi vasitəsilə aşağı Yer orbitinə çıxarılması planlaşdırılır. Orbitə yerləşdirildikdən sonra əldə olunacaq məlumatlar təhsil və tədqiqat məqsədləri üçün istifadə ediləcək.

Qeyd edək ki, Azərkosmos və beynəlxalq tərəfdaşların uğurlu əməkdaşlığı nəticəsində ötən il Azərbaycan məktəblilərinin hazırladığı “Azərbaycanın Zəfəri” peyki uğurla orbitə çıxarılıb. Yeni layihə bu uğurlu təcrübənin davamı olmaqla yanaşı, ölkədə kosmik təhsilin inkişafı və innovativ insan kapitalının formalaşdırılması istiqamətində növbəti mühüm mərhələ kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər