Son dəqiqə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Hərbi hissədə “Din və Vətən müdafiəçisinin əxlaq kodeksi” mövzusunda seminar keçirilib

Bakı. TurkicWorld:

02 aprel 2024-cü il tarixdə Qusar rayonunda yerləşən hərbi hissədə “Din və Vətən müdafiəçisinin əxlaq kodeksi” mövzusunda seminar keçirilib. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, şöbənin əməkdaşı Mehman Məmmədov, din xadimi Alim Ələddinov, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi Osmanbəy Rəcəbov, hərbi hissənin şəxsi heyəti iştirak edib.

TurkicWorld xəbər verir ki, çıxışlar zamanı vətənpərvərlik ruhunun yüksəldilməsinin, o cümlədən, milli köklərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi və bağlılıq, sadiqlik, dövlətçiliyə sədaqətin əhəmiyyətindən bəhs edilərək qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır. Seminarda məlumat verildi ki, dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Çıxışlarda bildirildi ki, bu günlər həm də 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin səkkizinci ildönümüdür. Aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Şanlı Zəfərə aparan yol oldu, Azərbaycan əsgəri isə Vətəni müdafiəyə hər zaman hazırdır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Mövzuya görə xəbərlər