Son dəqiqə

Azərbaycan Ermənistan QHT

Azərbaycan QHT-ləri Ermənistandakı qızıl yatağının mənfi təsirlərinə dair brifinq keçirdi

Baku, TurkicWorld

"Environmental Protection First" Koalisiyası "Amuldağ" qızıl yatağının istismarının ətraf mühitə və region ölkələrinin ekologiyasına mənfi təsirlərinə dair media üçün brifinq keçirib.

TurkicWorld xəbər verir ki, brifinqdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın sədri Amin Məmmədov "Amuldağ" (Amulsar) qızıl yatağında aparılan işlərin də ətraf mühitə təsirləri açıqlanmamış olaraq qalır.

“Vəziyyət o həddə çatıb ki, Ermənistanın daxilində belə həmin qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatı səsləndirilib. Biomüxtəlifliyə və su ehtiyatlarına ciddi təhlükə törədən həmin yatağın fəaliyyəti region üçün də mənfi təsirlərə yol açır".

O qeyd edib ki, Ermənistan Azərbaycanla sərhəd ərazilərdə yerləşən rayonlarında mədən sənayesi fəaliyyətlərini davam etdirir, lakin həmin fəaliyyətlərin heç birinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi hesabatı ictimaiyyət üçün açıqlanmayıb

“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova da söyləyib ki, Ermənistanda fəaliyyət göstərən Amuldağ (Amulsar) qızıl yatağının istismarı zamanı heç bir ekoloji normalar gözlənilmədən və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri nəzərə alınmadan istismar davam edir:

"Amuldağ yataqlarında qızıl istehsalı zamanı dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ağır metal tərkibli tullantılar Bərgüşad çayına axıdılaraq, Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Bu da ətraf mühitə, müxtəlifliyə, su hövzələrinə ciddi ziyan vurur. Bundan başqa, Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur. Bu da insanların sağlamlığında ciddi problemlər yaradır. Naxçıvan ərazisindən axan Arpaçay, eləcə də, Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Bu da nəinki Azərbaycan, eləcə də, Xəzəryanı ölkələr üçün ciddi problemlər yaradır".

O, həmçinin qeyd edib ki, bunlara görə Ermənistanda 100-dən çox vətəndaş cəmiyyəti təşkilatı və ekofəal Amuldağdakı istismarın biomüxtəlifliyə, su ehtiyatlarına ciddi təhlükə törətməsi barədə fikirləri dəstəkləyib.

“Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Pərvanə Vəliyeva çıxışı zamanı Amuldağ qızıl yatağında aparılan işlərin şəffaf olmadığını və qızıl yatağının istismarı nəticəsində ətrafda olan bütün çaylar, şirin su ehtiyatları radioaktiv maddələrlə çirkləndirildiyini deyib. Onun sözlərinə görə, sözügedən qızıl yatağındakı dağ-mədən sənayesində qızılın istismarında bir çox ölkələrdə qadağan olunan sianogen texnologiyasından istifadə edilir:

"Bu da İstisu mineral su yatağı, Göyçə gölü, Arpaçay, hətta Xəzər dənizi üçün ciddi təhdiddir. Yatağın istismarı zamanı aparılan qiymətləndirmənin ətraf mühitə təsiri nəzərə alınmayıb".

O bildirib ki, Ermənistan tərəfi Amuldağ qızıl yatağında monitorinq aparılmasına şərait yaratmalıdır:

"Environmental Protection First" Koalisiyası olaraq bəyanatlarımızda olduğu kimi, yenə də həmin şirkətlərə səslənirik. Orada fəaliyyət göstərən şirkətlər həmin yatağın istismarını dayandırsınlar və ya ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini öz veb-saytlarında yerləşdirsinlər. Bu məlumatlar hamıya açıq olmalıdır. Xarici və Azərbaycanın ictimai, səhiyyə və ekologiya sahəsində fəaliyyət göstərən ekspertlərin, eləcə də, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə yatağı monitorinq etmələrinə icazə verməyi tələb edirik. Ekspertiza işlərinin aparılmasına, yatağın fəaliyyəti ilə yerində tanış olmağa, müəyyən ölçmə işləri, nümunələr götürülməsinə imkan yaradılmalıdır”.

Mövzuya görə xəbərlər