Bakı Ali Neft Məktəbində 20 Yanvar şəhidlərinə həsr olunmuş anım tədbiri keçirilib

Bakı Ali Neft Məktəbində 20 Yanvar şəhidlərinə həsr olunmuş anım tədbiri keçirilib

Bakı. TurkicWorld:

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdən öncə Ali Məktəbin kollektivi Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları üstünə gül dəstələri düzüblər.

BANM-in kampusunda keçirilən anım tədbirində əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin Azərbaycan xalqının qan yaddaşı olduğunu, ölkənin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin adlarının əbədi olaraq tariximizə və xalqımızın yaddaşına həkk edildiyini bildirib.

20 Yanvar hadisələrinin müstəqillik uğrunda mübarizədə oynadığı roldan bəhs edən rektor bu hadisənin Azərbaycan xalqının mübarizliyinin, məğrurluğunun göstəricisi, milli birlik, qəhrəmanlıq və əzmkarlıq salnaməsi olduğunu vurğulayıb.