Bakı. TurkicWorld:
5 dekabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Quba rayonu Qonaqkənd qəsəbəsində Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində, “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib.
TurkicWorld xəbər verir ki, seminarda Quba RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Aynur Yəhyayeva, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini Aysel Şeydayeva, Quba Regional Perinetal Mərkəzinin direktoru Şəhla Həsənova, Quba Tibb Kollecinin direktor müavini Nəzirə Əliyeva, Qonaqkənd qəsəbəsinin sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxışlar zamanı bildirilib ki, hər il 25 noyabr - 10 dekabr tarixlərində dünyada Beynəlxalq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası keçirilir və bu kampaniyanın qadınlara, qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırdığı diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülüb və bu tədbirlər davam etdirilir.
Seminar müzakirələr ilə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırlıb.