BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında telefon danışığı baş tutub.
TurkicWorld xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan İrandan atılan və Türkiyənin hava məkanına yönəldiyi təsbit edilərək zərərsizləşdirilən ballistik sursatla bağlı Ankaranın kəskin etirazını qarşı tərəfə çatdırıb.
Görüş zamanı Hakan Fidan Yaxın Şərqdəki gərginliyin təhlükəli həddə çatdığına diqqət çəkib. O vurğulayıb ki, münaqişələrin daha da genişlənməsinə və regionun sabitliyinin pozulmasına səbəb olacaq hər növ addımdan qaçınmaq lazımdır. Türkiyə tərəfi öz hava məkanının toxunulmazlığını qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini bir daha iranlı nazirin diqqətinə çatdırıb.
Xatırladaq ki, bundan əvvəl İrandan atılan və İraq-Suriya hava məkanı vasitəsilə Türkiyə sərhədlərinə daxil olmağa cəhd edən ballistik raket Türkiyənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilmişdi. Rəsmi Ankara bu hadisəni milli təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirib və diplomatik kanallar vasitəsilə Tehrana xəbərdarlıq edib.







