Son dəqiqə

Beynəlxalq Avtomobil Federasiyası (FIA)

FIA 2023-ün qalib avtomobilləri Heydər Əliyev Mərkəzində sərgilənəcək

Bakı. TurkicWorld:

Bakıda keçiriləcək Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclasları və FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimi günlərində paytaxt sakinləri və qonaqların diqqətini cəlb edəcək tədbirlərdən biri də 2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif çempionatların qalib avtomobillərinin sərgisi olacaq.

TurkicWorld xəbər verir ki, sərgi dekabrın 6-da FIA tədbirlərinin keçirildiyi məkanlardan biri - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

İctimaiyyət üçün açıq olacaq sərgidə 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatı (World Rallycross Championship), Formula E, Dünya Kartinq Çempionatında (Mondokart.com FIA Karting World Championship – KZ) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş olunacaq.

Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarış həyəcanını yaşamaq imkanı qazanacaqlar.

Xatırladaq ki, dekabrın 5-dən 8-dək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində il yekununun ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-yə ev sahibliyi edəcək. Mükafatlandırma mərasimində il ərzində avtomobil idmanı sahəsindəki qaliblərə mükafatlar təqdim olunacaq.

Mövzuya görə xəbərlər