Bakı. TurkicWorld:
Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) hüquq, kommersiya və üzvlük departamentinin regional toplantısı keçirilib.
İdman.biz xəbər verir ki, tədbir "Qarabağ"ın İdarə Heyətinin və ECA-nın İcraiyyə Komitəsinin üzvü Asif Əsgərovun təşəbbüsü ilə ölkəmizdə baş tutub.
Toplantıda Azərbaycan Premyer Liqasının (APL) bütün komandalarının, Gürcüstanın klublarının nümayəndələri, həmçinin ECA-nın departament rəhbərləri və baş müşaviri iştirak ediblər.
Görüşdə APL-də çıxış edən bütün komandalar quruma üzv olublar. Bunadək Azərbaycanın yalnız dörd klubu ECA-da təmsil olunsa da, Əsgərovun təklifi ilə digər Premyer Liqa təmsilçiləri də quruma qoşulublar. Bu, klublara qurumun xidmətlərindən istifadə etmək imkanı verəcək.
İclasda klublara bir sıra vacib məsələlərlə bağlı məlumatlar - düzgün müqavilə bağlama qaydaları, futbolçular sanksiyalarla üzləşərkən həyata keçirilməli olan hüquqi proseduralar, sponsor və tərəfdaşla anlaşma zamanı UEFA və digər ali qurumlar qarşısında öhdəliklər izah olunub.
Tədbirdə 2024-27 tsiklində avrokubokların yeni formatı, ödəniləcək maliyyə vəsaitləri, həmçinin bu məsələlərlə bağlı klubların təmsilçisi olan ECA və UEFA arasında danışıqlar barədə məlumatlar verilib.
İdman.biz