Azərbaycan Gürcüstan Azərbaycan Premyer Liqası

Gürcüstanlı futbolçu Azərbaycan klubunun tarixinə düşüb

Bakı. TurkicWorld:

Azərbaycan Premyer Liqasının XIII turu Davit Volkovun het-triki ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, gürcüstanlı legioner “Sabah”ın “Turan Tovuz”la səfər oyununda vurduğu üç qolla komandasına 3:2 hesablı qələbəsində rol oynayıb.

28 yaşlı hücumçu bununla da “Sabah”ın tarixinə klubun Premyer Liqadakı ilk het-trikinin müəllifi kimi düşüb.

Volkovun özü isə çempionatda ikinci dəfə belə uğura imza atıb. 2021-ci il noyabrın 6-da “Zirə”nin forması ilə fərqlənən legioner indiki komandası “Sabah”ın qapısına üç qol vurub. 3:3 hesabı ilə bitən həmin matçda da Davit səfərdə het-trik edib.

Bununla da Volkov Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner statuslu futbolçulara çatıb. O, Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanın rekordunu təkrarlayıb.

Qeyd edək ki, “Turan Tovuz”la qarşılaşmadakı ikinci qol Volkovun Premyer Liqada 40-cı dəfə fərqlənməsi kimi tarixə düşüb. O, Azərbaycan çempionatlarında keçirdiyi 132 oyunda 41 qola sevinib. Davit “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 14 dəfə rəqib qapısına yol tapıb.

İdman.biz

Mövzuya görə xəbərlər