Bakı. TurkicWorld:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Şabran rayon Gənclər və İdman Sektorunun və Şabran rayon Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə ilə 14 noyabrda, Şabran şəhərində “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda seminar keçirilib. “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən seminarda, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Tağıyev, Şabran rayon Gənclər və İdman Sektorunun müdiri Süleyman Əliməmmədov və həmin sektorun baş məsləhətçisi Vüsal Alışov, Şabran şəhər 4 saylı tam orta məktəbin direktoru Çinarə Şeydayeva, fəal gənclər, məktəblilər iştirak edib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə həmin Konvensiyanın iki əlavə protokoluna qoşulmuş, 1998-ci il 19 may tarixində ölkəmizdə sözügedən Konvensiyanın əsas prinsiplərini özündə əks etdirən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və ölkədə uşaq hüquqlarının müdafiəsi məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi təmin olunmuşdur. Seminarda, son zamanlar aktual problemlərdən birinə çevrilən erkən nikahın yaranma səbəblərindən, onun yaratdığı fəsadlardan və qarşısının alınması yollarından söhbət açılıb, interaktiv müzakirələr aparılıb, dinləyicilərin mövzu ətrafında fikirləri analiz edilib.