Ombudsman Aparatının nəşrləri IX Bakı Beynəlxalq Kitab Sərgisində sərgilənib

Ombudsman Aparatının nəşrləri IX Bakı Beynəlxalq Kitab Sərgisində sərgilənib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib.

Ombudsman çıxışı zamanı sərgi iştirakçılarını bu böyük kitab bayramı münasibətilə təbrik edib, onlara öz xoş və səmimi arzularını bildirib.
Bəşəri dəyərlərdən olan kitabın insanların bilik və vərdişlərə yiyələnməsində böyük əhəmiyyət kəsb etdiyini bildirən Müvəkkil hər bir şəxsin gələcək həyatında və inkişafında kitabların əvəzsiz rolunu vurğulayıb.

S.Əliyeva Ombudsman təsisatının fəaliyyətə başladığı dövrdən hüquq elminin inkişaf etdirilməsi, əhalinin hüquqi maarifləndirilməsi məqsədilə insan hüquqları üzrə ilk ixtisaslaşdırılmış kitabxana olan İnsan Hüquqları Kitabxanasının yaradıldığını, kitabxana fondunun əsasını yerli və xarici mənbələrdən alınmış 11 mindən artıq ədəbiyyatın təşkil etdiyini diqqətə çatdırıb.

Müvəkkil Ombudsman təsisatının nəşrlərinin ənənəvi olaraq Doqquzuncu Bakı Beynəlxalq Kitab Sərgisində də geniş şəkildə nümayiş etdirildiyini qeyd edib.

Açılış mərasimindən sonra Ombudsman sərgidə nümayiş olunan kitablarla və poliqrafiya məhsulları ilə tanış olub, həmçinin Ombudsman təsisatının nəşrlərinin sərgiləndiyi stendin önündə çoxsaylı ziyarətçilərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, builki sərgidə Ombudsman təsisatının Azərbaycan, rus və ingilis dillərində 240 adda nəşri sərgilənir. Nümayiş olunan nəşrlər arasında təsisat tərəfindən məişət zorakılığının qarşısının alınması, miqrantların hüquqlarının müdafiəsi, informasiya əldə etmək hüququ, autizmli uşaqlarla bağlı və digər mövzularda hazırlanmış maarifləndirici bukletlər və lifletlər, eləcə də Azərbaycan torpaqlarının otuz illik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntuları, nifrət nitqi və nifrət cinayətləri, İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin məskunlaşdığı ərazilərə edilmiş raket hücumlarının tələfatları və dağıntılarla əlaqədar və azərbaycanlılara məxsus dağıdılmış qəbiristanlıqlarda, aşkarlanmış kütləvi məzarlıqlarda həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələri ilə bağlı hesabatlar yer alıb.

Təsisatın hüquqi maarifləndirmə məqsədilə çap olunmuş nəşrləri artıq bir çox xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına, milli kitabxanalarına, beynəlxalq insan hüquqları təşkilatlarına, ali məktəblərin, eyni zamanda, bir sıra dövlət qurumlarının və müəssisələrinin kitabxanalarına, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların ofislərinə də göndərilib.