Qarabağ mühüm turizm potensialına malikdir - Kanadalı səyyah

Qarabağ mühüm turizm potensialına malikdir - Kanadalı səyyah

Bakı. TurkicWorld:

Bir neçə il sonra Qarabağ böyük sayda turistlər cəlb edəcək.

TurkicWorld xəbər verir ki, bunu kanadalı səyyah Erik Abtan Qarabağa səfəri zamanı deyib.

"Dağlar, mənzərə, yeməklər çox xoşuma gəlir. Burada turizm potensialı fantastikdir. Düşünürəm ki, bir neçə il sonra buraya qayıdacağıq və çoxlu sayda turist görəcəyik.

Mənim həmçinin, Kanada və Almaniyada Azərbaycandan dostlarım var. Onlar ölkəniz haqqında çox yaxşı şeylər danışır. İndi onlara buradan şəkillər göndərəcəyəm. Bura çox gözəldir. Qarabağ möhtəşəmdir", - deyə o, vurğulayıb.

Kanadalı səyyah həmçinin, Qarabağın təbiətinin və gördüyü quşların unikal gözəlliyə malik olduğunu əlavə edib.

Qeyd edək ki, heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır.Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis şəxsən başçılıq edir.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir.

Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 4-ü isə 2023-cü ildə reallaşıb.

Dünyanın səyyah elitasının Qarabağ və Şərqi Zəngəzura bu ardıcıl səfərləri, hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, bölgədə qısa müddətdə Azərbaycan dövlətinin apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada heyrətlə qarşılanır.

Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi üçün də müstəsna əhəmiyyət daşıyır.