Bakı. TurkicWorld:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş daha 8 nəfər veteranı həqiqi hərbi xidmətə qəbul edib.
Qurumdan TurkicWorld -ə verilən məlumata görə, xidmətə qəbul olunan zaman namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb.
Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov yeni həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçularla görüşərək, onlara xidməti vəsiqələrini təqdim edib, tapşırıq və tövsiyələrini verib. 8 nəfərdən 4 nəfər leytenant rütbəsi ilə xidmətə qəbul edilib. Xidmətə qəbul olunan mülki şəxslərdən 4 nəfərə isə leytenant ilk hərbi rütbəsi verilib.
"Bu ilin avqust ayında biz 9 nəfər veteranı işə qəbul etmişik. Çox sevindirici haldır ki, İkinci Qarabağ Müharibəsinin iştirakçıları xidməti davam etmək üçün bizim qurumu seçib. Məhz bu qəhrəmanların şücaəti nəticəsində bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Artıq Xankəndi, Xocavənd, Xocalı, Əsgəran Ağdərə və Sərsəng su anbarının ərazisində də Azərbaycan bayrağı dalğalanır. Həqiqi hərbi xidmətə qəbul olunanlara uğurlar diləyirəm, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram", - deyə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib.=
Qeyd edək ki, hərbi xidmətə qəbul olunan veteranlar müharibədə iştirak etdiklərinə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.