Quba şəhərində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda seminar keçirilib

Quba şəhərində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda seminar keçirilib

Bakı. AzerPress:

11 oktyabrda Quba şəhərində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda seminar keçirilib.

AzerPress xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, rayonun din xadimləri və dini icma sədrləri iştirak edib.

Çıxışlar zamanı qeyd olunub ki, 8 Noyabr Zəfər Bayramı ərəfəsindəyik. Üç il əvvəl bu günlərdə Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün xalqımız öz dövləti, Ordusu ətrafında bir yumruq kimi birləşərək, 44 günlük çətin, ağrılı, eyni zamanda, şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılacaq bir mərhələyə qədəm qoydu. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Azərbaycan Ordusu üstünlüyü ələ aldı, düşmənə ağır zərbələr endirdi. Ölkəmizin tarixi ərazilərinin işğaldan azad edilməsi zamanı öz həyatlarını Azərbaycanın suverenliyi uğrunda fəda etmiş övladlarını xalqımız heç zaman unutmayacaqdır. Bizim dinimizdə, milli-mənəvi dəyərlərimizdə şəhidlik ən yüksək zirvədir. Seminarda bildirildi ki, Azərbaycan əsgəri qorxmadan, cəsarətlə, eyni zamanda, milli-mənəvi dəyərlərimizi əlində bayraq tutaraq düşmən üzərinə getmiş, düşmənin özünü məhv etmiş, mülki əhaliyə, uşaq və qadınlara dəyməmiş, əsirlərlə Beynəlxalq hüquqa uyğun davranmışdır.

Seminar müzakirələrlə davam etdirilmiş, din xadimləri, icma sədrləri qələbəmizdə, birliyimizdə, vətənpərvərliyimizdə özünəməxsus yer tutan, milli-mənəvi dəyərlərimiz haqqında söz açmışlar.

Quba bölgəsi üzrə şöbə

11.10.2023-cü il