Son dəqiqə

ADA Universiteti

Italiyanın “MacFrut” sərgisinin prezidenti ADA Universitetində kənd təsərrüfatı nümayəndələri ilə görüşüb

Bakı. TurkicWorld:

Avropanın meyvəçilik və tərəvəzçilik üzrə ixtisaslaşmış aparıcı kənd təsərrüfatı sərgilərindən olan İtaliyanın "MacFrut"un prezidenti Renzo Piraççini İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində 30-31 avqust tarixlərində ADA Universitetində kənd təsərrüfatı nümayəndələri ilə görüşüb.

ADA Universiteti tərəfindən Azərbaycana səfəri təşkil edilən Piraççini "Caspian Event Organisers" şirkəti, İtaliya Ticarət Agentliyi (İTA), "Azersun Holding" şirkətlər qrupu, Kənd təsərrüfatı nazirliyi və AZPROMO ilə görüşlərdə iştirak edib.

Avqustun 31-i ADA Universitetində ekspertin seminarı təşkil edilib. Seminarda kənd təsərrüfatı müəssisələri nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirdə sürətlə dəyişən qlobal bağçılıq və tərəvəzçilik sektorundakı yüksək rəqabətə davam gətirmək üçün lazım olan bilik və bacarıqlar müzakirə edilib, texnologiya və innovasiya ilə ayaqlaşmağın əhəmiyyəti vurğulanıb.

"Bakıda olduğum müddətdə yerli marketlərdə aqrar məhsulların qiyməti və keyfiyəti ilə bağlı müşahidə apardım. Məhsullarınız kifayət qədər keyfiyyətlidir. Lakin həmin məhsulları dünya bazarına çıxarmaq üçün ilk öncə onları beynəlxalq standartlara uyğunlaşdırmaq, istehsalçılara nəzəri və praktiki dəstək göstərmək vacibdir" - deyə Renzo Piraççini bildirib.
Bolonya Unviersitetinin professoru Matteo Vittuari və İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi də seminarda çıxış edərək yeni nəsil təhsil proqramlarının qurulması üçün bu sahədə sənayelərarası əlaqələrin möhkəmlənməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Renzo Piraççini Azərbaycana səfəri çərçivəsində Quba və Qusar rayonlarına da səfər edərək meyvəçilik üzrə ixtisaslaşmış yerli şirkətlər ilə görüşüb, iş prosesinin təşkili ilə tanış olaraq fikir mübadiləsi aparıb.

Ekspertin ölkəmizə səfəri yerli mütəxəsislərin beynəlxalq təcrübədən yararlanmasına xidmət edir. "MacFrut" sərgisi meyvə və tərəvəzçilik üzrə ixtisaslaşmış şirkətlər üçün beynəlxalq tanıtım platformasıdır. Bu platformanın nəzdində fəaliyyət göstərən "MacFrut Academy" isə peşəkarlara qida təchizat zəncirinin idarə edilməsi, o cümlədən "nou-hau" və innovasiyaların tətbiqi üzrə zəngin biliklər təklif edir.
İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində baş tutan bu tədbir ADA Universiteti ilə Bolonya Universiteti arasındakı əməkdaşlığın mühüm bir hissəsidir və kənd təsərrüfatı və qida sənayesi üzrə menecer və mütəxəssislərin beynəlxalq təcrübə qazamanmasını asanlaşdırmağa xidmət edir. Bu akademik əməkdaşlıq eyni zamanda Bolonya Universiteti ilə birgə ixtisasartırma, bakalavr və magistr proqramlarının təqdim edilməsini əhatə edir.

Mövzuya görə xəbərlər