Bakı. TurkicWorld:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) ərazisində noyabr ayında Xəzər dənizinin tədqiqi ilə məşğul olan regional mərkəz yaradılacaq.
TurkicWorld xəbər verir ki, bu barədə BBDTL-in baş direktoru Taleh Ziyadov ADA Universitetində ilk dəfə keçirilən "Caspian Blue Horizons" tədbiri çərçivəsində "COP29 ərəfəsində iqlim dayanıqlılığı və Xəzərin dayanıqlılığı üçün elm və biznesin sinerjisi" mövzusunda keçirilən müzakirələrdə deyib.
"Ehtimalla, bu mərkəz Bakı limanının ərazisində fəaliyyət göstərəcək, belə ki, burada lazımi ən müasir avadanlıqlar mövcuddur", - deyə o bildirib.
Onun fikrincə, Xəzər dənizi dünyanın ən az öyrənilən yerlərindən biri olaraq qalır.
"Xəzər hövzəsinin son tədqiqatları 1970-ci illərdə aparılıb. Lakin son onilliklər ərzində Xəzər dayazlaşmaqdadır və mənfi iqlim dəyişiklikləri baş verir. İqlimlə bağlı məsələlərdə tədqiqat işləri üçün bütün maraqlı tərəflərlə əməkdaşlıq etmək, regiona beynəlxalq investisiyalar, eləcə də akademik və elmi ictimaiyyətin nümayəndələrini cəlb etmək vacibdir", - deyə T.Ziyadov əlavə edib.