Son dəqiqə

Azərbaycan Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi ADA Universiteti Hafiz Paşayev

Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı

BAKI,TurkicWorld

5 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən TurkicWorld-ə verilən məlumata görə, sənədi Komitənin sədri Anar Quliyev və Universitetin rektoru Hafiz Paşayev imzalayıblar.

Bildirilib ki, Anlaşma Memorandumu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində akademik tərəfdaşlığın genişləndirilməsi, şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, akademik proqram və kursların dizaynı, həmçinin tələbələr və akademik heyət üçün təlim və inkişaf proqramlarının təşkili kimi sahələrdə əməkdaşlıq istiqamətlərini əhatə edir.

Qeyd olunub ki, akademik ictimaiyyət ümumilikdə WUF13-ün əsas iştirakçı qruplarından biridir və forum müddətində keçiriləcək tədbirlərdə yerli və beynəlxalq akademik heyətin fəal iştirakının təmin edilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdə tutulur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında uzun müddətdir davam edən əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində dizayn və memarlıq fakültəsinin açılmasının ölkədə urbanistik mühitin keyfiyyətinin artırılmasına, habelə müasir memarlıq, şəhərsalma və dizayn sahələri üzrə ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcəyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli 858 nömrəli Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında əməkdaşlığın əhəmiyyətini artırmaqla yanaşı, bu istiqamətdə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsinə zəmin yaradır.

3 il müddətinə bağlanan Memorandum tərəflərin qarşılıqlı razılığı əsasında uzadıla bilər, və şəhərsalma və memarlıq sahəsində elmi potensialın artırılmasına, beynəlxalq təcrübənin ölkədə tətbiqinə və Azərbaycanın qlobal urbanistik platformalarda fəal iştirakına xidmət edəcək.

İmzalanma mərasimindən sonra Komitə sədri Anar Quliyev İtaliya-Azərbaycan Universitetinin yeni tədris korpusu ilə tanış olub.

Mövzuya görə xəbərlər